huseyncavid.files.wordpress.com€¦ · Web viewHəp onca bir alqışla söyüşdən köpürən...
Transcript of huseyncavid.files.wordpress.com€¦ · Web viewHəp onca bir alqışla söyüşdən köpürən...
DÜŞÜNDÜM Kİ...
Düşündüm ki, əməl çəmənzarında Açar pənbə güllər, yaşıl yarpaqlar. Düşündüm ki, ömrün ilk baharında Al şəfəqlər saçar gülgün dodaqlar.
Düşündüm ki, yatar qanlı tufanlar, Keçər zalım fırtınalar, böhranlar,
Çəkilir dumanlar, sönər vulkanlar, Ninni söylər mənə coşğun irmaqlar.
Düşündüm ki, bitər hicran dəmləri, Doğar günəş, susdurar matəmləri, Gülzarı süslərkən xoş qədəmləri
Boyun bükər bənövşələr, zanbaqlar.
Heyhat!.. Ortalığı zülmətlər aldı, Tale yarı yardan aralı saldı,
Öksüz ruhum didarə həsrət qaldı, Qanatdı könlümü xain dırnaqlar.
KÖNLÜM
Heç sorma halımı, yaralıyam mən, Şən olmaz bir daha viranə könlüm. Beynimi yaxan bir yığın heçlikdən Sanki bir şey sorar divanə könlüm.
İssız bir yuvanın qoynunda daim Qərib bir quş kimi ağlar mənliyim,
Çox küskünəm, bilməm nələr söyləyim!? Qaldı hər sevgiyə biganə könlüm.
Şaşqın bir yolçuyam, yolum qaranlıq, Yanğın oldu şəfəq sandığım işıq.
Of, yetər, bir daha vurulmaz artıq Hər süzgün yıldıza pərvanə könlüm.
GƏLİN
Of, nə yamandır o süzgün baxışlar, Ey ipək telləri zərəfşan gəlin!..
Hər kəs gülər, hər kəs səni alqışlar, Yalnız mənim halım pərişan, gəlin!
Getmə, dur, könüldə min həsrətim var, Söylənəcək dərdim fəlakətim var, Səndən sənə gizli şikayətim var, Ey mələk ədalı, xuraman gəlin!
Nədir suçum, məndən uzaq qaçırsan, Yabançı ellərə şənlik saçırsan,
Röya kimi süzülürsən, uçursan, Bilməzsən ki, bağrım olur qan, gəlin!
Nə söyləyim! Halım əyandır sana; Sən bir yana, bütün dünya bir yana. Sənsiz gülüstanlar zindandır mana, Ey cənnətdən bizə ərməğan gəlin!..
AY QIZ
Ey uzaqdan göz süzən yosma dilbər, Gəl, yaxın gəl, bunca nazlanış yetər.
Gül!.. Sussun bülbüllər, qızarsın güllər Hər gülüşündən, hər sözündən, ay qız!
Gözlərimdə dünya gülər, sən gülsən; Qiyamətmi qopar insafə gəlsən?!
Aləm bilir, nələr çəkdim, ah, bilsən, Nələr çəkdim sənin üzündən, ay qız!
Nazlı xuramını seyr etdikcə mən, Vurğun könül rəqs edər sevincindən,
Olmazmı aşiqə bir busə versən O ahu baxışlı gözündən, ay qız?!
GƏLİN KÖÇƏRKƏN
“Xudkam bir ana yalnız öz keyfini düşünərək yetişmiş, gözəl sərvi-nazını sevmədiyi bir zənginə gəlin köçürür. Qızcığaz bu haqsızlığa qarşı intihar edər. Çılğın qadın acı fəryadlar ilə cənazədən
ayrılmaq istəməz, hətta məzarə gömülməsinə belə bir dürlü qıyamaz”.
Bir çiçək ki, duyğuları oxşayaraq gülümsər, Xülyalara nəşə sərpər, könüllərə nur saçar. Yazıq!.. Onu öncə kəndi əllərimiz qəhr edər, Sonra şaşqın vicdanımız bir heçliyi salamlar.
Bir quşcuğaz imdi ötər, güldən-gülə uyarkən, Xain ovçu bir anda susdurur o şaqraq səsi;
Sonra acır al damlalar əllərini boyarkən, Əfsus, o bitmiş, duyulmaz könül açan nəğməsi.
Könül var ki, vulkan kimi alov saçar hər yana, Həq söyləyən ilhamları ölmüşlərə can verər. Bir gün onu söndürüb də anarlar yana-yana, Yalnız sovrulmuş külləri məzarlara şan verər.
Yazıq!.. Gedən gəlməz artıq, burax qəhr olmuşları, Burax issız məzarları, bir az insan ol barı!
Yaşamaq gərçi xoş əməl, Yaşatmaq daha gözəl...
AZƏR DÜŞÜNÜRKƏN...
“Ə1”
Azər düşünür... Bəlkə otuz ildir o hər an Düşkün bəşərin eşqini, fəryadını inlər.
Yaxdıqca yaxar beynini bir kölgəli böhran, Əflakə sorar dərdini, yıldızları dinlər.
Göz qırparaq ancaq ona yıldızlar edər naz, Dilsiz və sağır göylər onun halını duymaz.
Bəsləndi kiçik duyğusu azadə çocuqkən, Çox incə tərənnümlər öpən neylər içində. Vurğundu o həp şer ilə ahəngə əzəldən, Ağlar və gülümsərdi təğənnilər içində.
Hər gün yaralar qəlbini bir sıtmalı röya,
Hər gün uyudar dərdini bir nəşəli xülya.
Atəşgədələr, fırtınalar yavrusu Azər Coşduqca alovlar və köpüklər kimi çılğın...
Bəzən bayılıb sərəli bir heykələ bənzər, Yorğun gözü həsrətli üfüqlər kimi dalğın. Bəzən o baxışlar yenə şimşək kimi parlar, Qəsvət sovuran heçliyi bir anda yaxarlar.
Bir gün acı bir sis o gülümsər üzü sardı, Yalnızlığa imrəndi, uzaqlaşdı bəşərdən. Bir qülbəyə saxlandı ki, issızca məzardı,
Məhrum idi dünyanı saran xeyr ilə şərdən. İllərcə dalıb getdi o böhranlı qəfəsdə,
İnsanları özlərdi hər atəşli nəfəsdə.
“Sərsəm, dəli, xudbin!” — deyə itham ilə hər kəs Bəhs etdilər Azərdən, o aldırmadı əsla!
Həp onca bir alqışla söyüşdən köpürən səs, Arif keçinənlər ona yan baxmada hala.
Möminlərə sorsan edəcək küfrünə fərman, Dinsizlərə get, onda bulur şübhəli iman.
Azər daha çox zövq alır aydın gecələrdən, Hətta sarışın ay ona gülmüşdü bir axşam. Gülmüşdü buludlar arasından süzülərkən,
“Hürr ol!” deyə qəlbində doğurmuş yeni ilham. Artıq o sönük çərçivə şən Azəri sıxmış,
Səyyah olaraq ayla bərabər yola çıxmış...
Sevdirmiş içindən ona bir cilvə həyatı, İnsanlara qoşmaq və qovuşmaq dilər əlan.
Duymaq və duyurmaqda bulur zövqü, nəşatı, Yalnızlığa, issızlığa qəlbən edər üsyan.
İstər bulud olsun da dənizlər kimi axsın, İstər günəş olsun da qaranlıqları yaxsın.
GECƏ AYDINLIĞI VƏ GÜN DOĞUŞU
“Ə”
İştə aydın və sərin yaz gecəsi Veriyor Azərə uçmaq həvəsi,
Asmalıqdan yürüyor rəqs edərək, Hər bəyaz kölgə birər canlı çiçək... Nəşədən səndələyən hər yarpaq Sallanır sanki gümüş bir leylaq. İncə, yıldızlı , sədəf qumlardan
Keçiyorkən... Ona heyran-heyran Busələr ərz edərək baxdı gülər Ta uzaqdan çökən atəşgədələr. Dadlı röyalara etdikcə maraq —
Əski məbudları xatırlayaraq.
Yürüyür, həp yürüyürkən Azər Duydu sahildə dərin zümzümələr. Sanki hər zümzümə eylər ilham, Gecənin ruhuna bir dadlı pəyam.
Bütün əşya hərəkətsiz, səssiz, Yalnız inlər kimi sevdalı dəniz. Dalğacıqlar öpüşüb titrərkən
Baxışırlardı göyün gözləri şən. Yol uzun... yolçu yorulmuş artıq, Dinlənib durdu saatlarca... yazıq! O dəmin gördüyü dilbər məhtab, Xəstə bir çöhrəyə bənzərdi xərab.
Ona dan yıldızı bakir bir qız Kimi heyrətlə gülümsər yalnız.
İştə üstün gəliyor zülmətə nur. Bəlli, bəsbəlli səhər yaxlaşıyor. Sönüyor can çəkişən yıldızlar.
Azər açmış da qanad sanki uçar. O, günəşdən daha əvvəl oyanan, Canlanan şəhrə yanaşmış əlan. Bir yaşıl bağça ki, sahil boyuna
Nəşə sərpərdi, həmən qoşdu ona. Seyr edib bağçanı dinləndi bir az, Sərçələr, gördü, edər razü niyaz. Həpsi birdən ötüşüb qaynaşaraq
Ninnilər söylədilər oynaşaraq. Qopdu bir ləhzədə çığlıq, tufan.
Hər ağac dalğası bir başqa cahan... Bunca alqışlara bais yalnız
Bu dənizdən doğan altun bir qız.
...İştə dalmış duruyor bir rəssam, O da almaqda günəşdən ilham, Durmadan yalvarıyor fırçasına,
Yazıyor, həp pozuyor... sanki ona Gəldi yorğunluğa bənzər bir hal,
Süzərək Azəri zənn etdi xəyal: Bətbəniz yox, gözü düşmüş çuxura, Bəlkə vurğun kimi bir şey... Olur a!
Xayır, alnında zəka şöləsi var, Bəlli, ilhamını bir eşq oyalar.
Sordu: kimsən, nerədənsən, əhbab?! Ona Azər gülərək verdi cavab.
AZƏRİN CAVABI
“H”
Mən yetişdim atəşlə su Öpüşdüyü bir ölkədən.
İzləyirkən sevgi yolu Acı duydum hər kölgədən.
Bir yoxsulam, hər diləyim Diz çökdürür zənginləri. Bir arifəm, bilmədiyim Aşar durar ənginləri.
Mən mülayim bir dənizəm, Atəşlidir dalğalarım.
Sülhə qoşan bir acizəm, Əskik olmaz qovğalarım.
Bir ovçuyam, eşq umaram Hər ahunun gözlərindən.
Dərd əhliyəm, rəmz anlaram Hər şairin sözlərindən.
Bir aşiqəm, feyz alırlar Məndən ürfan çobanları.
Bir çobanam, qaval çalar, İnlədərəm vicdanları.
Mən əbədi hürriyyətin Sevdalı bir cilvəsiyəm. Anlaşılmaz bir xilqətin
Parlar, sönər şöləsiyəm.
*** “Ə”
Süzərək Azəri heyran-heyran, Bir rica eylədi rəssam ondan.
Göstərib bir qocaman daş, dedi: “Gəl, Yapayım rəsmini, bir bax, nə gözəl!? Seyrə dal sən yeni doğmuş günəşi,
Nə də xoş mənzərə!.. Bax, varmı eşi? Doğuyor sanki dənizdən bir qız, Həm də altun saçı yıldız-yıldız.”
Güldü Azər, oturub daldı həmən, Fərq olunmazdı o bir heykəldən.
Bitirib lövhəyi yorğun rəssam: Qalx, əzizim! — dedi — qalx!.. İştə tamam!..
Bir qədər axça da ikram etdi. Süzdü Azər onu heyrətlə, dedi:
— Arxadaş! Axça neçindir əcəba? — O sənin rəsmin için...
— Ha, ha, ha!.. Güldü, həp güldü... baxıb rəsmə dedi:
“Nə günəş?! Sanki baxır bir təpsi... Hələ gözlər!.. Bu mənim gözlərimin
Söylə, mənası nədir? İnsaf için. Bənzəyir yapdığın Azər guya
Buzlar üstündə şaşırmış çocuğa. Deyəcək yox bu mübarək dənizə,
Acıram sərf edilən səyinizə. Seyr edənlər bu gözəl lövhənizi Məni yox, bəlkə görür onda sizi.
Sanki ölgün boyalardan nə çıxar?! Burda sənətdən iraq hər şey var.
İncəsənət dediyin pək tənnaz Bir gözəl qız ki, çapuq ram olmaz.
Başqadır ondakı həşmət, əzəmət, Bir təsadüflə yaxın gəlməz, əvət.
Bəlkə illərcə dayansan nazına Sadə, bir kərrə gülümsər o sana. Yoxsa əzmində əgər səbrü səbat,
Boş əməkdir çəkiyorsan, heyhat!..” Süzdü rəssam onu altdan-yuxarı
Saçaraq gözləri kin dalğaları. Alıb əşyasını nifrətlə, həmən
Qaçdı hiddət köpürən sahildən. Ondan ayrılmayaq Azər də
Girdi his yağdıran Altun şəhrə Həp yüyür, həp düşünürkən... yolda
Rast gəlib bir sarışın qızcığaza, Gördü ağlar da silər göz yaşını...
Dedi: “Yavrum, bu nə? Qaldır başını, Söylə dərdin nə?..” Çocuq iç çəkərək Dedi: “Annəm, ögey annəm döyəcək,
Verəcək bəlkə müəllim də cəza!..” — Dur neçin?
— Sorma! — Bu heç oldumu ya?!
— Ah, qapıb qaçdı əlifbamı dəmin Bir sokak yavrusu, çapqın, miskin!
— Ya baban yoxmu? — O, işdən qovulan
Bir fəqir işçi, səqət bir insan. - Heç maraq etmə, quzum, iştə para,
Sağalır elm ilə hər dürlü yara. Oxşayıb Azər onun saçlarını,
Dedi: Get, bilgi al, öyrən yarını. Bir fərəh gəldi qızın gözlərinə,
Utanıb durdu... təşəkkür yerinə O soluq çöhrə gülümsündü həzin, Qoşaraq getdi kitab almaq için.
Bunu gördükdə uzaqdan yaramaz Bir çocuq — olmaz on üçdən yaşı az —
Soxulub Azərə həp əl açaraq: — Para ver, mən də acam — söylədi — bax!
Sağlam insanda bu adət nə idi? Baxdı Azər ona heyrətlə, dedi:
“Sənə layiqmi dilənmək, ay oğul! Durma get, haydı, çalış, bir iş bul.”
Öylə boş sözləri dinlərmi çocuq? Sırıtıb izləyər, ayrılması yox.
Qaldı Azər bu sırıtqanlığa mat, Ona eşq etdi bir atəşli tokat.
Seyr edənlər bunu həzm etmədilər, “Mərhəmətsiz, qaba insan!..” dedilər.
Dinləyib onları Azər gülərək Dedi: — Əzdad ilə doğdum, gerçək.
Bir əlim iştə su, atəş bir əlim, Çarpacaq qəlbim əgər sussa dilim.
Acıdım gərçi dəmincik birinə, Sonra atdım da tokat digərinə.
Sizi yox şübhə ki, ürkütdü bu hal, Nə yaparsan, həpiniz kor, abdal!
Öylə quş var ki, yeyərlər ətini, Quş var, ət ver də, duyar ləzzətini.
Bir tokat var doyurar ac qarını, Mərhəmət var ki, zəhərlər yarını.
MƏSCİDDƏ
Bir gün Azər dolaşırkən... yüksək, Ulu bir məbəd önündən keçərək,
Baxdı sovrulmada hər pəncərədən Duyğusuz göylərə çığlıq, şivən.
Həp maraq etdi, həmən girdi o da, Şaşırıb durdu, nə dəhşət əcəba!?
Toplaşıb bir yerə ipsiz dəlilər; Kimi gurlar, kimi sızlar, inlər.
Kimi bir yanda çamurlar üzünü, Kimi dırnaqla didər qaş-gözünü.
Bir küllər sovururkən başına, Yalvarır digəri həp göz yaşına. Kimi bir daş, kimi zəncir alaraq
Qəhr edər kəndini; gözlərdən iraq!.. Fırlayıb minbərə bir şeyx o zaman
“Əlverir — söylədi — fəryadü fəğan. Yetişir inlədiniz, ağladınız,
Dul qadınlar kimi yas saxladınız. Gəlin artıq azacıq kəndinizə,
Qanlı göz yaşları cənnətdə sizə Əbədi zövq, səadət verəcək.
Olacaq həmdəminiz huri, mələk...” Dinləyərkən onu hər kəs ... birdən Yeni bəhs açdı cəhənnəmlərdən. Qorxudan titrəşərək həp təkrar
Mələşib ağladılar, ağladılar... Ən nəhayət bitirib sözlərini, Açdı ətrafı süzən gözlərini.
İmdi artıq sıra gəlmiş paraya, Gümüş, altun birikib bir araya
Doldu bir ləhzədə şeyxin qucağı, Satılır altuna cənnət bucağı.
Qaldı Azər bu tühaf “alverə” mat, Acılar duydu içindən, heyhat!.. “Nə əcayib sürü, yahu, bunlar,
Öndə rəhbərlik edər meymunlar. Cühəla elm, fəzilət satıyor.
Bizi həp aldadıyor, aldadıyor. Kəndi əxlaqi sönükkən həpsi Yeltənir verməyə əxlaq dərsi.
Sadə minbərdə deyil, hər yerdə Göz boyar həp bu qaranlıq pərdə. Hankı bir sərxoşu söylətdim, inan
Bəhs edər, gördüm o, huşyarlıqdan. Nerdə beş kölgə görür ördəklər
Başlayıb nitqə həmən saz köklər. Rəqsi təlim ediyor axsaqlar,
Əzəmət düşkünüdür alçaqlar. Zövqə biganə səfillər bol-bol
Şerü sənətdə arar bir yeni yol. Sadədil, hissə uyan abdallar, Həp siyasi kəsilib at nallar.
Bir yığın kor qılavuzluq yaparaq Göstərir zülməti aydın, parlaq.
Hər gülər üzdə ölüm, qan görürəm, Pək yaxın dostları düşman görürəm.
Yurdu sarmış qabalıq, yaltaqlıq, Yüksəliş varsa, səbəb alçaqlıq...”
Süzdülər Azəri şaşqın-şaşqın... Azərin dərdi başından aşqın,
Mütəəssir, düşünürkən, birdən Gördü vaiz eniyor minbərdən.
Ona yaxlaşdı həmən pək sakin, Saçıyorkən əsəbi gözləri kin.
Dedi: — Şeyxim! Bir az da insaf et, Nə olur, bir qədər də düz yol get.
Bizi qandırma; haqq verib, haqq al, Sən deyilsən namuslu bir baqqal.
Həp yalan sat da altun al, nə demək?! Göz yaşından doğarmı sanki mələk.
Ən gözəl dindir iştə dini-həyat. Başqa yol yox, ya fənn, ya mövhumat!..
İstər uy dinə, istər uy fənnə, Çağırır xalqı kəndi cənnətinə. Bir nəqd iştə, nisyədir birisi,
Çox olur bəlli, nəqd müştərisi. Can çəkişdikcə köhnə zövqü şüar
Yeni bir cilveyi-dəha parlar. O da yox şübhə - sarsılır bir gün,
Başqa bir ictihad olur üstün. Əski dahilər “iştə həqq” dedilər,
Çırpınıb bir həqiqət izlədilər. O həqiqət bu gün xəyal oluyor,
Dünki şən bağçalar bu gün soluyor.
Şeyx
(çılğın)
Sus yetər, ah, şərəfsiz, allahsız!..
Azər
Qızma şeyxim, sizin yaratdığınız Tanrı ölmüş də, yoxdur ağlayanı.
Şeyx
(yanındakılara)
Nə deyir, bax, halaldır iştə qanı.
Azər
Bəlli, həp söylədiklərin həzyan, Bizi dünyada yoxmu bir yaşadan?..
Yaşadan varsa iştə xilqətdə, Mədə... həp mədə... həzrəti mədə...
(əlini Şeyxin qarnına vuraraq istehzalı təbəssümlə)
Bax, həqiqət də, bəlkə haq da budur, Səni hər kim doyursa tanrın odur.
Din için, firqə, ya siyasət için Nerdə bəslənsə bir ədavət, kin,
Nerdə qan, ya ölüm, əməl görsən Buna yalnız səbəb sənin mədən...
Şeyx (heyrətlə)
Saçma, həp saçma, anlamam səni mən, Nə demək məqsədin bu vəsvəsədən?
Azər
Şeyxim, aldatma xalqı, dinlə məni, Bütün əfsunlu sözlərin xülya... Gəl burax göylərin hekayəsini,
Enəlim kəndi doğma yurdumuza. Burda cənnət də var, cəhənnəm də,
Onu, yox şübhə, bizləriz yaradan. “Cifə” zənn etdiyin bu aləmdə
Başqa zövq almaq üzrə hər insan. Kimi cəhl atəşində qıvrılaraq,
Həp yanar, qəhr olar səfalətdən. Kimi ürfanla şadkam olaraq,
Dəm vurur nəşədən, səadətdən.
(camaata)
Könlünüz cənnət istəyirsə əgər, Xocanız başqa nəğmə bilməlidir. Mütəvəkkil duran bu məbədlər
Həp kütübxanə, məktəb olmalıdır. O zaman fəzlü mərifət günəşi
Ölgün, azğın cahanı həp süslər. Bu sönük torpağın bulunmaz eşi, Qurular hər bucaqda cənnətlər. O zaman qanlı, kinli qüvvətlər Səni dəhşətləriylə inlətməz.
Şərəfin, mənliyin olub da hədər, Ayaq altında çeynənib getməz!..
ƏSGƏRLƏR TƏLİM EDƏRKƏN...
Son baharın acı bir nəşəsi var, Azərin könlünü həsrətlə yaxar. Sanki bir kölgə kayar yollardan, Onu heyrətlə süzər hər insan.
O da hər çöhrədə bir rəmz anlar, Hər keçən kölgəyi süzdükcə dalar.
Onca dünya qoca bir səhnə demək, Hər kəs aktörlük edər bilməyərək.
Kimi arif, kimi dilbər və əsil, Kimi qurnaz, kimi divanə, səfil... Kimi cani... düşünür fitnə-fəsad. Kimi zövq əhli, dilər hər kəsi şad. Kimi pək sadədil, oynaq, şaqraq,
Kimi pək duyğusuz, abdal və bunaq... Kimi ismət, kimi naz, işvə satar, Kimi həp varlığa bir təkmə atar.
Göz yumub onlara Azər, köpürən, Gurlayan şəhrə vida etdi həmən. Endi bir bağçaya, sahil boyuna,
Sandı hər dalğa səlam eylər ona... Bağça solmuş da ağaclar çılpaq,
İçli bülbülləri ötməz şaqraq. Can çəkişməkdə soluq yarpaqlar, Nə çiçəklər, nə gülən güllər var.
Hər xiyabanda fəqət əsgərlər Qoşaraq “arş!” deyə təlim eylər.
Bağırır onbaşılar: bir, iki, üç!.. Parlar əllərdə silah... Qayəsi: güc!..
Bir yığın işsiz adam bir yanda, Dalaraq seyrə, bulur zövq onda.
Ürəfa taslağı bir qaç kişi də Eyləyir onları tənqid, iştə:
Birinci tamaşaçı
Nə fəlakət!.. Ölüb-öldürmək için Saçıyor paslı könüllər həp kin.
İkinci tamaşaçı İştə təlim olunur cəlladlıq,
Yazıq, insandakı vicdana yazıq...
Üçüncü tamaşaçı
Ah, nə xoşdur əbədi sülh olsa, Bəşəriyyət acıdan qurtulsa...
Dördüncü tamaşaçı
Zalım əllər nə qədər üstünsə, Qurtuluş yoxdur əzilmiş cinsə.
Beşinci tamaşaçı
Ən fəlakətli böyük yanğınlar Bir qığılcımlı xətadan başlar.
Altıncı tamaşaçı
Qanadım olsa uçardım da həmən, Qurtulardım bəşərin şərrindən.
Yeddinci tamaşaçı
Nə səadət!.. Ola insan dərviş, Heç də aldırmaya dünya nə imiş.
Dinləyib onları Azər gülərək, Düşünüb durdu, bu sözlər nə demək!?
Parlıyan gözləri diqqət saçaraq Yaxlaşıb söylədi: Yahu, mənə bax!
(acı gülüşlə son seyrçiyə)
Əvət, ən xoş təranə, ən eyi yol
Hər çeşid qeydi at da dərviş ol!.. Yaşayıb qayğısızca bir köşədə,
Zövqə dal... Ən gözəl həyat iştə! Məskənin daima şən ormanlar,
Həmdəmin xoş baxışlı ceyranlar.
(bu sırada bir neçə dəliqanlı da Azərin ətrafına toplanır)
Kələbəklər qoşarkən oynaşına Yürü, en bir yaşıl pınar başına.
Quşlar ötdükcə sən də dəmsaz ol, Gülüşən hər çiçəklə həmraz ol,
Nə öc al kimsədən, nə əz, nə əzil, Nə qan iç, uf!.. nə qanlı göz yaşı sil!
Birinci tamaşaçı
Bu fəqət şairanə bir xülya!.. Ruha uyğun sevimli bir röya!..
İkinci tamaşaçı
Çox gözəl söylədiklərin, heyhat, Nerdə? Kim sürdü öylə dadlı həyat?
Üçüncü tamaşaçı
Barışıb həp sevişsə millətlər, Bəlkə azcıq susar bu vəhşətlər.
Azər
(acı gülümsəyişlə)
...Əvət, insan olarsa insanlar, Şübhəsiz, parlayıb da vicdanlar
Sevgi nurilə kainatı bəzər, Buraxıb kini qurd qoyunla gəzər. Bəlli... Ta əskidən böyük başlar Sülh üçün uğraşıb çalışmışlar. Çıxaraq hərbə qarşı həp ürəfa, Əbədi sülh içində buldu şəfa.
Kimi “qan-qan!..” deyib də çıldıraraq, Sülhə düşmən kəsildi, iştə maraq... Bizcə kim haqlı! Qan tökənlərmi?
İmrənib sülhə, diz çökənlərmi? O nə? Həp dalğa keçdiniz... əcəba,
Hanki xoş, hanki tikənli, qaba... Şübhə yox, sülhə meyl edər hər kəs, Çünki hər gözdə parlayır bu həvəs.
Çox böyük səltənətsə dərvişlik, Olamam mən o xəstə fikrə şərik. Ölü, miskincə ömrə min nifrət!.. Sizi mən sülhə eyləməm dəvət, Əbədi sülh ümidi, haqqı boğar,
Yaşamaqçin fəqət mübarizə var. Çarpış, elmi bir inqilab ilə sən
Qəhrəman ol, öc al da vəhşətdən. Mənliyin imdi inləyirsə, yarın
Qalibiyyətlə parlasın alnın. Səni yalnız öyündürər qüvvət,
Qüvvətin varsa, haq sənindir, əvət. Lakin insanda yoxsa əqlü zəka, Sadə qüvvətdə yox səmər əsla. Əldə meyar olarsa əqlin əgər,
Ölçülər çox qolayca xeyr ilə şər. Dedilər: “Zülmə qarşı durma, əyil!” Dedilər: “Hərbə qoş, ya əz, ya əzil!”
Mən derim: “Həpsi laf, inanma, saqın! Rəhbər olsun da qüvvətin, ağlın. Yeri gəldikdə sülh üçün çapala,
Öylə yer var ki, hərbi alqışla. Quzu gördünmü sev, o kin bilməz;
Canavar qarşı gəlsə parçala, əz. Qüvvət üstündə varsa əqli-səlim,
Sənə həp kainat olar təslim!”
QƏRBƏ SƏYAHƏT
İlk baharın son gecəsi... dan yıldızı gülümsərkən, Azər maraq edib çıxdı qərbə doğru səyahətə.
Yorğun dənizdən sahilə bayğın ruzgarlar əsərkən, Xulya dolu Altun şəhər dalmışdı istirahətə.
Azər səhər havasını nuş edərək səfa buldu,
Ətrafını seyr edərkən tren gəldi, yolçu doldu, O da atəş ocağına vida edib rəvan oldu,
Rast gəldi həp yol boyunca min bir çeşid qiyafətə.
Gurultulu vaqonlarda hər millətdən nümunə var, Tanışdıqca hər könüldə qarşılıqlı sevgi doğar, Yaşayışdan bəhs edərkən biri gülsə, bir ağlar, Kimi məsud olub, kimi uğramış bir fəlakətə.
Tren keçilməz yolları oraq kimi kəsib biçdi, Qarşı gəldikcə yar-qaya bir ox kimi dəlib keçdi,
Bir gün Azər yeni doğan günəşdən bir xəbər seçdi: “Orta Qərbə varılmış da, yol iriyor nəhayətə”.
Hər könüldə çocuqca bir maraq alovlanıb durdu, Pəncərələr qarşısında seyr edənlər həlqə vurdu,
Hər tərəfdən yaşıllıqlar nəzərləri oxşayordu,
Dalğalı gül bağçaları üsyan edərdi cənnətə.
Süslü köylər trenləri qarşılardı ara-sıra, Hər guşə bir gəlin kimi gülümsərdi yolçulara, Əmək pərisi munisdi hər gəncə, hər ixtiyara,
İşsiz qalanlar, şübhə yox, məhkum idi səfalətə.
Erkək-qadın həp çalışır arı kimi qaynaşaraq, Dalğalandıqca tarlalar altun kəsər almas oraq,
Dolğun öküzlər, inəklər bənzərdi — gözlərdən iraq — Şəhərlərdə dərisinə sığmayan əhli-sərvətə.
İştə Qərbin şən göbəyi!... Tren durdu, Azər endi, Pəncərələrdən fışqıran çiçəklərə çox imrəndi,
Hər səhnəni süzüb gəzdi, az görüb də çox öyrəndi, Məftun oldu gözlərdəki ciddiyyətə, nəzakətə.
Bir gün çiçək bağçasında bir gənc ona doğru qoşdu, Sevincindən hoplayaraq irmaq kimi daşıb coşdu, Avropanın hər səhnəsi, hər cilvəsi onca xoşdu,
Bax! —dedi: “Rast gəldinmi heç bir böylə əzmü himmətə?
Gözəllikdə örnək almış köy şəhərdən, şəhər köydən, Hər yer sanki bir rəssamın sənətidir həmən-həmən, Varlı-yoxsul bir musiqi dinlər, əvət, hər qülbə şən...
Hər könüldə bir həvəs var incəliyə, nəzafətə.
Hər ocaqda, hər bucaqda bilgi, hünər məbədi var, Hər üzdə ruh yüksəkliyi, hər gözdə bir zəka parlar,
Çəlik əsəblər durmadan həp yeni bir zəfər arar, Hər qafada bir iman var əməkdəki səadətə.
Gözəl!.. Bu nəşələr dolu həşmət dünyası çox gözəl, Hürriyyət izləyən geniş, sağlam havası çox gözəl Yer deyil, göyləri sarsan yılmaz dəhası çox gözəl, Böyük-kiçik həp tapınır ancaq və ancaq qüvvətə.
Bu yerlərdə yalan, qərəz, sayğısızlıq da yox deyil, Kölgəli vicdanlar da çox... zahirdə çox kübar, əsil,
Süslər içində qıvrılan göyərçinlər də var: səfil... Fəqət yenə həp üstündür fəzilət eşqi zillətə.
İşçiləri çox dinlədim bulunduqca bir arada, Hər gün yeni çəkişmə var mədənlərdə, fabrikada,
Ağırlıqdan, sıxıntıdan kəskin çıxışlar olsa da, Zorla-xoşla həpsi yenə cəlb olunur itaətə.
Burda əsla dilənçi yox... mərhəmət yox çünki ona, Yan baxılır aciz, səfil, ölü, cahil bir insana,
Şərqin böyük bir şairi1 odur ki, varsa hər yana, Aman bilməz, Qərbi hər gün dəvət edər mərhəmətə.
Azər həmən gülümsədi, əvət, dedi çox həqqi var, Həp “sevgi”dən zövq alırlar öylə zərif ixtiyarlar,
Çoxdan bəri Şərqin sazı həp bu ruhda inlər, ağlar, Saqın! Qulaq verir sanma həris başlar o dəvətə.
Hindin əzilmiş mənliyi yapsa hər sözdə möcüzə, Soyuqqanlı Qərb alışmış göz süzə, ya dodaq büzə, Məzlum ellər üçün ancaq bir yol varsa: mübarizə!
Onsuz şübhə yox irəməz Şərq aləmi hürriyyətə.
Əvət, ancaq mübarizə mənlik verir hər millətə, Nəşə sərpən yalnız odur hər şəxsə, hər cəmiyyətə,
Hər yurdu irdirən odur özlədiyi səadətə, Odur ancaq qovuşduran insanları məhəbbətə!
Berlin!
AZAD ƏSİRLƏR
“Ə”
Möhtəşəm bir salon... ahəngi-şətarətlə gülər: Badələr, zümzümələr, şəşəələr, dəbdəbələr.
Sanki almasla donanmış hər yer, İştə büllur kürəciklər və sütunlarda dönər
Bir yığın rəng ilə nur.
Çağlayanlar kürələrdən daşaraq, Süzülən gözləri oxşar və öpərkən... şaqraq,
İncə bir şer oxunur.
Dəyişib məclisin əvvəlki bədaye rəngi, Musiqi inləyərək başladı rəqs ahəngi.
Hər könül kəndinə bir eş bularaq, Qoşulub rəqsə, haman zövq ilə sərməst olaraq,
Bükülüb qıvrılaraq, Sardı şən gözləri bayğın bir hal;
Çalğılar incələrək söndü işıqlar, dərhal Doğdu bir başqa şəfəq.
Saçılıb qumral üfüqdən parlaq, Bir yığın yıldıza bənzər yarpaq,
Uçdular gizli qonan busələr üstündə bir az Olaraq məhrəmi-raz.
Sonra bir ğaz kəsilib hər divar, Ərz edib durdu bir eşsiz gülzar.
Saçdı fəvvarələr ətrafə çiçək, rəngü ziya, Bu deyil bir röya...
O gözəl mənzərə birdən soldu, Musiqi susdu, qədəhlər doldu.
Oldu ülfət və məhəbbət dəmsaz Sərpərək işvəvü naz.
Çökdü bir incə qaranlıq... yalnız Parlayıb səhnədə şən bir yıldız,
Dadlı, cazib səsi cəlb etdi maraq, Çırpınıb sızlayaraq.
“H”
Eşsiz bir yuvanın yaşıl qoynunda Öpərdi ruhumu bayğın nəfəslər. Aldatdı, ah, əvət, məni aldatdı Yaldızlı sevgilər, xain həvəslər.
Vəhşi güllər qarşımda diz çökərdi, Qumrular peşimcə boyun bükərdi, Hər gün içimdə bir şəfəq sökərdi, Oxşardı könlümü sevdalı səslər.
Gülümsərkən mənə çoban yıldızı, Sanırdım kəndimi göylərin qızı,
Ömrümdə duymazkən incə bir sızı, Qırdı qanadımı altun qəfəslər.
“Ə”
Qapanıb pərdə, həmən coşdu pərəstiş, alqış... Rəqsə dəvət edərək çalğı səsi,
Yenidən parladı hər çöhrədən sevdalı baxış, Yenidən doğdu sarılmaq həvəsi. Yenidən doldu qədəhlər, hər kəs
Azacıq aldı nəfəs; Səhnədən parladı xoş bir məhtab,
Verdi hər qəlbə cavab. Canlı heykəllər! O hər süsdən uzaq, saf, üryan
Gül bədənlər veriyor ruha qida. Musiqi məbədinin tanrısı dilbər qız da
Düşünür ortada heyran-heyran. Bu nə sənət, nə zərafət, nə məlahət derkən,
Pərdələr endi həmən. Çıxdı hər kəs, azacıq möhtəris insan qaldı,
Məclis artıq yeni bir rəng aldı. Süzüldü nəşəli gözlər, könüllər açdı çiçək,
Hər ovçu buldu şikar. Beş-on amerkalı zəngin də sonradan gələrək
Saçıldı altunlar. Dəmin üryan duran pərilər də
Süslənib qondular birər masaya; Hər qədəh buldu çarə bir dərdə, Kimsə dünyanı almayırdı saya.
Nəşədən döndü möhtəris qafalar, Çılğın eşlər çəkildi lojalara.
Pərdələrdən duyuldu qahqahalar, Daha məhrəmcə zövqə gəldi sıra.
Saçıb da ortaya məğrur Amerka sərvətini, Əmərdi işvəli Avropanın bəkarətini.
Fəqət bu süslü tamaşayə qarşı Azərdə Oyandı nifrətlər.
Yaxında rəngi soluq üç qadın gəlib dərdə, Açıldı söhbətlər.
Birinci qadın
Mənim qızım daha gənc... iştə qaldıq ətməksiz, Nə yaparsan, tikənli bir yaşayış!..
Bu kirli cənnətə vardıq qaraldı gözlərimiz, Qızı sapdırdı bir yığın alqış.
İkinci qadın
Mənim də qovğada məhv oldu qardaşımla ərim, İki qız qaldı, bir də yoxsulluq.
(bir lojanı göstərir)
Nə iş bulundu, nə eş... Ah, bu nadir incilərim İmdi hər zövqü oxşayan məxluq...
Üçüncü qadın
Mənimki iştə bu al pərdədən gülüb də mana, “Bir az da bəklə!” — deyir.
Nə çarə, bəklərəm, az-çox nə axça gəlsə ona Mənimlə sərf eləyir.
İncə bir yaş bəlirdi gözlərdə, Acı bir iz buraxdı Azərdə,
Düşünıdü, “bəlkə!..” dedi: “Bir zaman bəlkə dünkü Asiyada,
Əski Qafqasda, vəhşi Afrikada Qızı cəbrən satıb alırlarmış. Ona Avropa xalqı çox fahiş,
Bir fəlakət demiş də hayqırmış, Tablo yapmış, rəsimlər aldırmış,
Gülmüş, əylənmiş, eyləmiş heyrət, Bəsləmiş bəlkə bir yığın nifrət...
Fəqət bu hal nədi!? Bunu görməzmi incə gözlüklər?
Satılır burda qızlar azadə, Həm təbii bir iş qədər sadə.
Ana bir yanda titrəyib bəklər.”
Mədəniyyətdə çırpınan vəhşət Daha yaldızlı, şairanə, əvət. Burda öz istəyilə cariyələr
Sənə şaqraqca ninnilər söylər. Bir qəfəs xoşdur, altun olsun da,
Ac göyərçinlər əylənir onda...
“Burax, burax, yetişir! Bitdim, ah, aman, imdad!..” “Nədir bu səs?” der ikən qopdu sisli bir fəryad, Həmən birinci qadın qoşdu kəndi yavrusuna,
“Mələk qızım!” — dedi — “Kimlər müsəllət oldu sana?”
İpəkli pərdə açıldıqda qönçə solmuşdu, Səbəb cinayətə bir kinli şəhvət olmuşdu.
O şən salonda fəqət dalğalandı hüznü sükut, Sükut içində gülümsərdi süslü bir tabut.
Berlin, avqust 1926
RƏSSAMIN QIZI
“H”
Çiçəkli bir bağçada qos-qoca bir yapının Geniş salonlarında minlərcə erkək-qadın Qapdırmışdı sənətə bütün xəyalı, hissi,
Hənuz görülməmişdi böylə “rəsim sərgisi”. İncə, dilbər tablolar, parlaq, zəngin lövhələr Maraqla seyrə dalmış nəzərləri cəzb eylər.
Salonları keçdikcə parlar yeni mənzərə, Hər lövhə ərz edərdi keçmişdən bir xatirə. Baş salonda gözləri oxşardı bir madonna;
Rafaelin əl işi!.. Heyrandı hər kəs ona. Həftələrcə, aylarca bu orijinal əsərin
Qarşısında dalmışlar rəssamlar dərin-dərin.
Bir az sola sapınca söndü bütün lövhələr, Canlı bir lövhə saçdı könüllərə nəşələr. Elza, bohemyalı bir adlı rəssamın qızı,
Mavi tülə bürünmüş o bir ilham yıldızı!.. Təsvirə yeltənirdi onu üç fırça birdən,
Qız xəbərsiz kimiydi hüsnündəki təsvirdən. Onun süzgün və məğrur ahu baxışlarında
Gülümsərdi möhtəşəm, həzin bir rəngi-sevda. ...Bir gün Azər axşamlayın
Şəhər kənarına çıxdı. Bağları süsləyən ayın Solğun nuri çox ilıqdı.
Böyük-kiçik, qadın-erkək Təbiətdən feyz umardı.
Hər gözdə bir sevgi, dilək, Hər qəlbin bir eşi vardı.
Yalnız iki tip Azəri Bir köşəyə cəlb etmişdi.
Biri Elza, eşsiz pəri, Biri sevdalı bir gəncdi. Elza yaşıl balkonunda
Çiçəklərə gömülmüşdü, Axşam qəribliyi onda Halə kimi örülmüşdü. İncə ruzgar qızın ipək Tellərilə əylənirkən,
Bir ney kimi inləyərək, Gənc mülazim coşdu həmən:
“Ə”
Çıx buludlardan, ey əfsanəli qız! Gəl ovut ruhumu, ey şən yıldız! Mənə dünyada təsəlli yalınız,
Gözəlim, həp sənsən. Sən nə nazəndə mələksən, bilsən?!
Sənsiz avarə bir öksüzdüm mən. Nəşəsiz ömrümə sevda sərpən
Gözəlim, həp sənsən. Gəncliyim, iştə bütün duyğularım, Sənin eşqinlə gülümsər, yavrım!
Mənim ən sevgili, eşsiz tanrım Gözəlim, həp sənsən.
“H” Qız yaralı qəlbə qarşı
Mərhəmətsiz davranırdı. Dinlədiyi yalvarışı
Çocuqca bir hal sanırdı. Hətta bir az gülümsədi,
Sonra pənbə rəngi soldu. Qəlbində bir şey titrədi, Gözlərinə matəm doldu. Şaşqın kimi baxıb duran
Vurğun gənci bu hal sıxdı. Bu sırada yan qapıdan Vüqarlı bir qadın çıxdı.
“Oğlum!” — dedi — “dərdli qəlbi Sən bir daha dərdə saldın.
Qız çəkildi kölgə kibi,
Sən cavabsız, məyus qaldın”. — “Səbəb, səbəb!” deyə gəncin
Alov sardı gözlərini: “O gülüş, o nifrət neçin? Neçin atıb getdi məni?”
Qadın
Üç gün oldu izlər durursan onu, Yazıq ki, bir yana çıxılmaz sonu, Çünki o dilsizdir, eş deyil sana!?
Zabit
Dilsiz olsa da, mən vuruldum ona.
Qadın
Vurulsan da heyhat! O sevməz səni, Hərb əhlinə qarşı az deyil kini.
Zabit
Səbəb! Ah, bu kinə səbəb nə? Söylə!
Qadın Bu kin ona gəlmiş cahan hərbiylə,
O zaman ki, dünya bir məzbəh oldu, Hüdud boyu əsgər leşiylə doldu.
Tülkü diplomatlar dönüb qaplana, Boyadılar yer üzünü al qana.
Hər tərəfdə ölüm dalğası vardı, Göydən dolu kimi qurşun yağardı. Ah, o zaman kinli bir səs bağırdı:
“Üsyan! Üsyan! Üsyan!” — deyə hayqırdı. O səs “hərbə qarşı hərb” istəyirdi. “Qılınclardan oraq yapın!” deyirdi.
Elzanın babası, o coşğun rəssam Bohemya xalqına verirdi ilham.
Hökumət ərkanı ona qızdılar, O gün edamına fərman yazdılar.
O gün Elza səkkiz yaşa dolmuşdu, Doğuş bayramına hazır olmuşdu.
Babasının ölüm xəbəri gəldi, Zəhərli ox kimi beynini dəldi.
“Eyvah!” — deyə qızı bir dəhşət aldı, O gündən bəridir ki, dilsiz qaldı. Artıq duyulmadı o şaqraq səsi
Fənnə sorduq, bulunmadı çarəsi. Ah, o gündən bəri Elza nerdə bir Hərb adamı görsə ürküb diksinir. Düşməndir gözünə hərbi qiyafət,
Qardaşı olsa da duymaz mərhəmət.
Qadın susdu... Gənci bir şölə yaxdı, Vicdanına acı bir iz buraxdı.
Azər duyub onu yaxan şöləyi, “Əvət”, - dedi — “hərbə qarşı hərb eyi. Gərçi bu gün hər qan içən “sülh” arar,
Hər salondan doğar yeni bir şüar. “Tərk-silah” nəğmələriylə ancaq Məzlumlara qarşı qurulur duzaq.
Kəşf olunur hər gün zəhərli qazlar, Yarın bilinməz kim kimi boğazlar.
Hənuz dünki qanlar qurumamışkən, Yeni bir hərb üçün planlar çəkən
Vəhşi diplomatlar, quduz nazırlar Azadlıq yerinə zəncir hazırlar. O paslı zəncirlər qırılmadıqca
Dar gələcək insanlara bu dünya”.
... Zavallı gənc vida etdi qadına, Döndü qışlasına başda fırtına.
Gözündə canlandı qanlı səhnələr, Bütün gecə sandı cahanı məqbər.
Gülümsərkən ona səhər yıldızı, Uyquya dalmışdı rəssamın qızı.
KÖMÜR MƏDƏNİNDƏ
(Almaniyada, Rur civarında yazılmışdır)
Yağmurlu bir sabah idi, hər yeri sis almışdı, Gülərüzlü günəş xəzan uyqusuna dalmışdı. Azər qoşdu dumanlı dağların yanıq bağrına, Üsyan dolu ocaqlardan his yağardı hər yana. Hər mağara ölüm tütən məzarlığa bənzərdi,
O məzarın qurbanları həp qabarlı əllərdi. Kirdən, çamırdan bunalmış gözlərdə kin çaxardı,
Bir az ətmək çıxar deyə gülən üzlər də vardı. Hətta çoxu bu dirliyi bayram sanır, oynardı, Şərqi söylər də bir igid öz yurdunu anardı:
Şərqi
Səfalıdır bizim dağlar, bizim ellər, Qayğı bilməz bizim bağlar, bizim güllər, Çağlayan bir yanda çağlar, orman gülər, Buludlar bir yanda ağlar, çoban dinlər,
Səfalıdır bizim dağlar, bizim ellər.
Bizim dağlar mayıs röyasına bənzər, Yamaclarda sürü-sürü ceyran gəzər,
Ceyran baxışlı yosmalar həp can üzər, İşvə, əda bilməz, bilmədən göz süzər, Bizim dağlar mayıs röyasına bənzər.
Sevdalıdır bizim dağlar, bizim ellər, Sevimlidir, şəndir bizim incə bellər,
Nerdə o hər gün duyduğum şirin dillər? Hər gün öpüb oxşadığım ipək tellər? Sevdalıdır bizim dağlar, bizim ellər.
Bu bəxtiyar gəncin dadlı sözləri Düşündürüb durdu yorğun Azəri.
Könlündə bir yığın dumanlı üsyan, Keçdi qorxunc, əyri, sapa yollardan. — Yoxsullar məzarı bu kirli mədən
Seçilməz Dantenin cəhənnəmindən.
Azər aydınlıqda işdən qovulmuş Bir ixtiyar gördü, bənizi solmuş...
Müdirə yalvarıb deyir: “Yox yerim, Ölsəm belə burda ölmək istərim”.
Şişman müdir aldırmayırdı əsla, O halda bir vəkil girdi ortaya.
Dedilər ki: “İşçi nümayəndəsi!..” İxtiyarı açdı onun gəlməsi.
O, çox “sol” tanınmış “sosyalist” ikən, Müdirə haq verib getdi bilmədən.
Bu hal ixtiyarı qarsıb-qovurdu. Bu xain arxaya söyüb-sovurdu.
Azər içindən titrədi, Hey!.. dedi:
“Hey zavallı, saqın, yorma kəndini! Qüvvətdən düşüncə titrək əllərin, Düşmənlərin deyil, hətta rəhbərin,
Arxaların belə satarlar səni. Sən bir makinasan: qırıq və miskin...
Çəkməlisən yükləndiyin hər başı. Bu baş olsa belə xırsız oynaşı -
Çarə nədir, kəndin öyüb bəyəndin. Əvət, sən acından ölüm dilərkən,
O çapqınlar saraylarda əylənir, Saçmalar söylənir, sazlar köklənir,
Fəqət həp əzilən, həp qəhr olan sən!..” İxtiyar çıldırdı, Müdir şaşırdı.
“Xayır, getməm”, — dedi — “acam, yox yerim, Ölsəm belə burda ölmək istərim”.
Kinli gözlərində atəş parladı, O çökmüş iskelet həmən fırladı.
Bir parça daş kömür alıb da yerdən, Sayğısız müdirə hücum edərkən,
“Mücrim” deyə kirli yalan satdılar, Çılğın ixtiyarı həbsə atdılar.
MÜHACİRLƏR YUVASI
“Ə”
Azər yüyürdü əldə ufaq yolçu çantası, Birdən göründü qarşıda “Moskov lokantası”. Yorğundu, acdı, girdi də azcıq “yemək”, dedi, Dolğunca bir qadın ona “xoş gəldin” eylədi. Parlardı çöhrəsində sönən köhnə ehtişam, Xidmətçilər də eyni çamırdan: əsil madam.
Dün “şanlı xanədanlara” mənsub ikən bu gün Bir parça ətmək olsa səadətli bir dügün!..
Yox heç birində dünkü təhəkküm satan qürur, Hər kəs əməklə kəndini təmin edib durur.
Yoxsul, bir az da kirli salon gərçi can sıxar, Lakin nədənsə müştərilər çox girib çıxar. Bir qismi bəlli, iştə mühacirdi çox səfil, Avropa xalqı, yerli camaat da az deyil. “İsa”ya bənzəyən sarı bir çöhrə Azərin Dalmışdı qarşısında xəyalata çox dərin. Azər maraq edib onu söylətmək istədi,
Dalğın mühacir ah çəkərək “Arxadaş!” — dedi — “Tam səkiz ildir iştə biz burada, Qalmışız kimsəsiz, səfil, arada.
İnqilab atəşilə ürküşdük, Dağılıb böylə dərbədər düşdük. Nə bəla varsa tanrıdan bulduq,
Nə “rəzalət” desən düçar olduq. Ah, əvət, mən zavallı, sərsəm mən!..
Yeni darülfünun bitirmiş ikən, Məni qandırdı bax, bu abdallar, Çox şükür, imdi həpsi at nallar”.
Kimdir onlar? Sorunca... Dalğın adam
Dedi: — Bax gördüyün bu nazlı madam, Ki seçilməz semiz inəklərdən,
Bir qraf zevcəsiydi zəngin, şən. Bu!.. Saraydan yetişmə bir afət,
İmdi çökmüş zavallı bir əzəmət... Şuracıqdan keçən somurtqan da
Bir prensesdi, namı hər yanda Duyulurkən edərdilər səcdə,
Ona əlan ölüm də bir müjdə... Bu qopuq, iştə əski bir general!.. Çox uzun sərgüzəşti var, xəbər al.
Ona rəhmətli, gorbagor Nikola Çox nişan verdi, gərçi pək budala... Miralaymış!.. Keçən soluq çöhrə, Bu gün artıq o bir qırıq cəhrə...
(səhnədəkiləri göstərir)
Bu həriflər də əski qarunlar, Həpsinin imdi başqa sənəti var.
Ac qarın verdi musiqi həvəsi, İştə saz kökləyib durur həpsi.
Bu madamlar, əfəndilər o zaman Kəsilib inqilaba həp düşman
Cibdə altun, qaçıb da qurtuldu, Yeni bir zövq içində məst oldu. Burda almanlar eyləmiş iflas,
Vardı hər evdə sanki bir qara yas. Paralar həp kağız, kağızlar heç... Yoxsa altun, həyatdan vaz keç!
O zaman həp bu yadigarlar, əvət Satıyorlardı başqa bir əzəmət;
Əldə pırlantalar və almaslar Həpsi şahanə bir əda taslar.
Qurulub hər salonda işrətlər, Uzayıb getdi həp səfahətlər. Hər kəsin çünki etiqadı qəvi,
İki-üç ayda inqilab alevi Bitərək, həp gurultular sönəcək, Bəxtiyarlar saraylara dönəcək.
Bir yığın ixtilalçı ac, çılpaq Bəlli, beş gündə xurduxaş olacaq.
Çox təəssüf ki, dadlı təxminlər Bir yalan nəğmə oldu... kim dinlər!
Uzayıb durdu inqilab artıq, Dünkü həşmətlər oldu beş paralıq.
Para bitdikcə bitdi bunlar da, Qara iş buldular salonlarda.
Məhv olub getdi həp şərəf, namus, Daha bilməm nələr!? Bu çox mənhus...
Canlanıb durdu müflis almanlar, Qaldı ac, gördüyün qudurğanlar...”
Rəqs etdi salon nəşəli bir çalğı səsindən, Bir qız süzülüb çıxdı göyərçin qəfəsindən. Rəqqasə!..Qraf yavrusu, çox işvəli bir qız,
Moskovdan uçub Qərbə qovuşmuşdur o yıldız. Heyrət!.. o nə halət, nə şətarət, nə qiyafət!
Dəhşət!.. o nə səfvət, nə təravət, nə lətafət... Çox nazlı, şəfəq dalğalı, fəvvarəli bir nur, Hər cilvəsi, hər halı edər gözləri məshur.
Rəqqasə deyil, xariqədir iştə o afət, Həp qıvrılışından doğuyor başqa zərafət.
Məftun kimidir kəndinə, dünyaları saymaz, Qoynunda böyütmüş onu min ali heyi-naz.
Alqışladılar... güldü, çəkildi, Alqışladılar... bir daha gəldi, Məclis gəliyorkən həyəcanə, Qız başladı bir başqa təranə.
Qızın təranəsi
“H”
Aydın bir gecəydi röyayə daldım, Baxdım cənnətdəyəm, heyrətdə qaldım,
Öpdü al qanadlı mələklər məni.
Bilməm nə hal oldu, həmən bayıldım, Bülbüllər ötərkən... səhər ayıldım,
Öpərdi xarəli ipəklər məni.
Röya füsunilə o gün sərxoşdum, Bir kələbək kimi gülzarə qoşdum,
Öpdü gözü yaşlı çiçəklər məni.
Vurğun kimi gözü məndə hər kəsin... Of, istəməm, xayır, xayır, öpməsin Gözlərdə titrəşən bəbəklər məni...
“Ə”
Bitirdi işvəli rəqqasə xoş təranəsini, Öpüncə samiələr ruhu cəzb edən səsini, Sönük könüllərə sərpildi incə bir həycan,
Çəkildi, gəlmədi... alqış qopardı həp tufan.
Yenə “İsa”yə bənzəyən üzdən Bir təbəssüm bəlirdi... söylədi: “Ən Çox bəyəndim bu nazlı afəti mən,
Çünki hər kəs onun əsiri ikən Enmək, alçalmaq istəməz əsla. Ləkəsizdir çocuq qədər hala...
Yeni açmış bu qönçənin babası Bir qraf... xəstə, həp pozuq qafası.
Onu təmin üçün fəqət böylə
Rəqsə məcbur olur min işvə ilə. Baba dursun, bu gördüyün “həzərat!..”
O qızın sayəsində buldu həyat. Şübhəsiz, rəğbət olmasaydı ona,
Kimsə gəlməzdi böylə bir salona.”
...Çəkilib getdi həp müsafirlər, Qaldı kin püskürən beş-altı nəfər.
Bunlar, işsiz qalan mühacirlər, Etmək istərlər əski yurda səfər.
Buraxırlarmı?.. Kim bilir, nə olur!? Burda qalmaq da xeyli qorxuludur. Yaşamaq güc... çalışmaq istərsin, İş bulunmaz, bulunsa,.. çox çirkin.
Çox ağır iş verirlər, ən kötüsü: İşçilər bağlayar səninlə küsü,
Kimi təhqir edib dodaq büzəcək, Kimi min bir alayla göz süzəcək...
Sanki iş varmı, olsa şad oluruz, Qara ətmək yeyib şəfa buluruz. Ah, bir az sönsə inqilab alevi!..
Hər kəsin kəndi yurdu, kəndi evi... Orda insan acından ölsə belə
Yenə xoşdur... Fəqət bu eldən-elə Qoşmanın sanki varmı mənası, Adamın hər gün ağlayır anası. Ah, əvət ən böyük bəla, bilsən,
Para yox, köçmək istəsən belə sən; Hədər olmazmı çəkdiyin zəhmət?
Yaxalandınsa iştə son dəhşət!.. Deyəcəklər bu köhnə bir canavar,
Əski milyonçu... öl! Gəbər! Nə çıxar!?
Sardı ətrafı bir vərəmli sükut, Baxışıb durdular bütün məbhut.
Bu sükut arxasınca iç odadan İncə bir səs duyuldu, qopdu fəğan!..
Nazlı rəqqasə inləyirdi... əvət, Qraf etmişdi ansızın rehlət!
NİL YAVRUSU
Yığın-yığın axışan avtolar, tramvaylar Çiçəkli, süslü, təravətli bir cahana qoşar.
Bu ölkənin yazı şən bir mayıs qədər dilbər, Səfalı mənzərələr ruha busələr sərpər.
Göz işlədikcə gülümsər yaşıl xiyabanlar, Yaşıldı pəncərə, balkon, yaşıldı meydanlar.
Çiçəklərin arasından yürürdü afətlər. Uçardı qəhqəhələrdən qopan səadətlər.
Görülməmiş bu “çiçək sərgisi”ndə ən rəna, Gözəllər iştə gülümsərdi hər yaşıl fidana. Fəqət bir afəti izlər dururdu həp gözlər, O gün həmən ona aiddi söylənən sözlər.
Adı Şəmsa, füsunlu bir xilqət, Saçar ətrafa həp qürur, əzəmət...
O baxışlarda bir qığılcım var, Hanki bir qəlbə əks edərsə yaxar.
Şərqin əsmərcə bir bədiəsidir, Yeni Misrin öc izləyən səsidir. Yeddi ildir ki, Nili tərk edərək,
Qərbə uçmuş o nazənin kələbək.
Başda hürriyyət eşqi, sevdası Daşıyan bir ədib imiş babası.
Məhbəs olmuş gözündə həp yurdu; “Haq”! — dilərkən... bir ingilis lordu
Sürgün etmiş ölümlü bir adaya. Bu xəbərdən sönüb bitən Şəmsa
Köçərək əmcəsiylə bir yerdə Yaşayır böylə qürbət ellərdə...
İsınıb şən mühitə getdikcə, Hüsnü ətrafı sərxoş etdikcə,
Onda həp parlar ehtişamü qürur, Üzü lakin nədənsə az gülüyor. Düşünür... iştə, daima dalğın, Çırpınan ruhu nəşəsiz, çılğın, Daima kinli bir payam arayır, Anaraq Misri intiqam arayır.
... Sönüyorkən günəşin son işığı... Sardı min rəngü ziya ortalığı.
Keçdiyin yollara baxsan hər yer Dürlü ahəngi-bədeyelə gülər.
Soxulub şövq ilə erkək qadına, Hər səfadət yapılır zövq adına.
Süslü kaşanələrin aləmi var, Hər könül bir yeni əyləncə arar. Bu tühaf mənzərələrdən Azər
Çox da zövq almadı!.. Yalnız dilbər, Canlı bir lövhəyə məftun olaraq,
Doğdu könlündə bir atəşli maraq, Baxdı Şəmsa keçiyor məsti-qürur, İmdi gündüzkünə heç bənzəmiyor. Pənbə köksündəki tüldən duvağı,
Öpüyor bir xrizantem dodağı. Görsə hər kim onu, Misrin məşhur Bir füsünkarını1 görmüş sanıyor.
O şətarətli, gülümsər üzdə,
Al dodaqlarda, o qumral gözdə Öylə bir incə təravət vardı
Ki, bütün gözləri əfsunlardı. Baxaraq nazilə həp sağ-soluna, Girdi çox dalğalı, şən bir salona. İki-üç xurmacığaz bir köşədən
İşvəkar afəti cəzb etdi həmən. Sardı ətrafını bir qaç tələbə,
Həpsi bənzərdi üzündən ərəbə. Həpsinin umduğu bir dadlı xəyal:
Qurtuluş eşqi, geniş istiqlal.
... Keçdi azcıq... sırıtan bir məmur, İngilis lorduna bənzər, məğrur,
Əzəmət taslığı bir tip gəldi, Onu Şəmsa süzüyorkən, bildi.
Göstərib, bax! — dedi yoldaşlarına, Gəlsə hər təhlükə Misrin başına Bu bakır çöhrəli insan yapıyor, Vətənin ən qara cəlladı odur.
Görünür sərgiyi seyr etmək için Qərbə keçmişdir o qurnaz xain. Dəyişib cümləsinin bət-bənizi, Sardı hər çöhrəyi bir nifrət izi.
Biri qalxıb dedi: — Artıq gedəlim. Güldü Şəmsa, dedi — Yox, rəqs edəlim,
Güləlim, əylənəlim bir saət... Etdi hər kəs buna az-çox heyrət.
Rəqsi əvvəldən o heç sevməz ikən Bu şətarət ona gəlmiş nerədən?!
Gözlərindən süzülən işvə, əda Lordu cəzb etdi həmən bir anda.
Yanaşıb rəqsə edərkən dəvət, Onu rədd etmədi Şəmsa... Fürsət!
Qoşdular rəqsə bərabər, məmnun... Gənc ərəblər şaşırıb qaldı zəbun. Həp ürəkdən qıza kin bəslədilər,
“İştə sapqın və şərəfsiz!” — dedilər.
... Nəşə çılğınlığı lordun gözünü Yapdı bir falçı daşı.
Mey qızıllatdı bakırdan üzünü, Sallanıb durdu başı.
Süzərək qız onu, qəlbindəki öc atəşini Yeniyor qəhvə ilə,
Lorda tez-tez sonaraq badə buraxmaz peşini Yeni bir işvə ilə.
... Sallanıb durdu hərif əsnəyərək, Yetişir — söylədi — gəl!
Süslü, şahanə odam var, gerçək, Gedəlim, bax, nə gözəl...
Onu rədd etmədi Şəmsa, getdi Bir müsafir kimi şən.
İngilis zövqünü təbrik etdi Yolda hər qarşı gələn.
... Yarın erkən günəşin dadlı, qızıl busələri Azərin ruhuna gül sərpərkən,
Geyinib çıxdı bir az dinləyə bakir səhəri. Bir xəbər duydu həmən,
Qonşular bir yeni şey görmək üçün toplaşaraq, Sardı hər çöhrəyi getdikcə maraq.
Görünüb qarşıda bir dəstə polis, ən arada Keçdi Şərq afəti əsmər Şəmsa.
“İştə, qatil bu gözəl qız!..” — deyə erkək və qadın Süzdülər həp onu şaşqın-şaşqın.
İki qurşunla bitirmiş gecə azğın lordu, Bəlkə azcıq nəfəs alsın yurdu.
Bəlkə azcıq nəfəs alsın əzilən insanlar. Axmasın Nilə günahsız qanlar.
Dünkü yoldaşları nifrətlə atarkən salonu, İmdi izlərdi onu.
Bir ilahəydi o hürriyyəti təmsil edərək, Görmək istərdi tikənlikdə çiçək.
Berlin.
TISBAĞANIN ZÖVQÜ
“H”
Avropanın yaşıl bir yaylasında Konsert üçün böyük hazırlıq vardı. Seyrə gələn bütün erkək, qadında
Çox yeni bir şeyə maraq uçardı. Orkestro çaldı, pərdə açıldı,
Maraqlı gözlərdən heyrət saçıldı. Səhnə boşdu, yalnız ən orta yerdə Yuvarlaqca boz bir ləkə göründü. Dəyişdi musiqi həp pərdə-pərdə, Getdikcə incələn bir şerə döndü.
Bağanın qafası çıxıb qılafdan
O dadlı ahəngi dinlərdi heyran.
Zürafə boynuna bənzərdi boynu, Məğrur, ədalı bir duruşu vardı.
Musiqidən sərxoş olurkən... onu Kim seyr edərsə bir sevinc duyardı. Birdən çalğı susdu, ahəng pozuldu, İncə heyvancığaz görünməz oldu.
... Ağsaçlı bir professor, parisli bir lisançı, Azərin yanında gülümsəyirdi.
O duymuşdu: Bu mühitə Azər bir az yabançı... “Gördünmü? Lövhə çox gözəl!” deyirdi,
Tısbağalar belə bizdə musiqidən zövq alır. Sizdə nasıl, bu sınaqlar varmıdır?”
Azər gülüb “xayır!” dedi: “Bizdə deyil tısbağa, İnsan belə görməz bu zövqü əsla!
Şərqin bir çox ölkəsini mən gəzib də dolaşdım. Çox ellərə yanaşdım.
Orda insan sürüləri yığın-yığın məhv olur, Ətməyini güc bulur.
Çoluq-çocuq, ac-yalavac paçavraya bürünür, Çöplüklərdə sürünür.
Aşçıların atdıqları gəmikləri qırarlar, Bir az ilik ararlar.”
O məhsullu Şərqin halı çox səfil... Öylə yoxsul var ki, ot yeyib yaşar. Fəqət burda yalnız insanlar deyil, Tısbağalar belə eşqindən coşar.
Çox düşündüm bunu dəmindən bəri, Hər zövqü bir acı bəslər düşünsən!
İştə Qərbin azğın səadətləri Alır qida Şərqin fəlakətindən.
Şərqə doğru
“Ə”
Qərbi sarmışdı dumanlar, sislər... Acılar duydu içindən Azər.
Özləyib Şərqi, həmən çıxdı yola,
Bəlkə bir düşgünə yardımçı ola. Bəlkə Şərqin o sıcaq qoynunda Üşüyən könlünü azcıq ovuda.
Yoxdu yollarda tamaşaya maraq, Tarlalar ölgün, ağaclar çılpaq... Qəsvətindən uyuyan yolçulara Ninni söylərdi uğultuyla bora. Bir səhər Azər uyurkən, şaqraq Bir səda sazla həmavaz olaraq, Onu qaldırdı yataqdan erkən,
Bəlli... varmışdı o gün şərqə tren.
Eşidilən türkü
“H” Vəfalı yar ikən, bir düşman kimi
Qıydı mənə heyran olduğum gözəl. Saldı gözdən, illərcə Sənan kimi
Qapısında çoban olduğum gözəl.
Dedim “öldür məni”, sallanıb keçdi, Süzgün baxışları qəlbimi deşdi,
Bir kələbək kimi qanımı içdi, Dərdindən pərişan olduğum gözəl.
Ah, nə çıxılmaz yol imiş bu sevda, Tən etdi hər görən, güldü hər gəda, Xəstə bir quş ikən məni yuvamda
Dustaq etdi qurban olduğum gözəl.
“Ə”
Türkü susmuşdu, gülümsərdi günəş, Hər könül aldı günəşdən atəş. Ta uzaqdan çökək atəşgədələr,
Coşğun almas dəniz inlər və gülər, Düşünən Azərə eylərdi səlam,
Kəndisindən umaraq bir ilham.
Yeni varmışdı o “Altun şəhr”ə, Yanaşıb durdu bir ölgün çöhrə.
“Yardım et! — söylədi — azcıq para ver, Yeyəcəksiz, geyəcəksiz bəklər
Yeddi baş ailə qülbəmdə məni, Ölüdür həpsi, fəqət yox kəfəni.”
Onu Azər süzüyorkən tanıdı, Bir zaman hökmi-rəvan sultan idi.
Xeyli zəngindi bu miskin cahil, Əski milyonçu ikən, imdi səfil... Öncə bənzərdi o bir torba ətə, İmdi bənzər diri bir iskeletə.
Əl açıb söylədi təkrar edərək: “Gürüyorsun ki, acam, eylə kömək”.
Dedi Azər: — Bu dilənmək imiş, Çalış, uğraş, bularaq sən də bir iş.
Yox deyil işçiyə ətmək parası... Hərifin döndü bu sözdən qafası,
Dedi: — Heç gəlməz əlimdən qara iş...
Azər
Ya!? Bu adət kötü... həm çox müdhiş!.. Səndə baş var ya!..
O
(qafasına işarətlə)
Şaşırdınmı, bu nə?
Azər
Zahirindən nə çıxar, bax içinə, Varmı elmin?
O
Xayır...
Azər Artıq yetişir,
Sənə ölmək yaşamaqdan eyidir. Çünki baş yox, çalışan əllər yox.
Ölüsən... Get, didinib söyləmə çox.
O
Sus, yetər, sus! - nə deyirsən bə sənin, Allahın yoxmu? Bu həzyan nə için?
Azər
Allahın burda, əzizim, işi nə!? O sürülmüş ki, vətən xaricinə...
O
Ya bu çanlar, bu əzanlar nə demək?
Azər
Yas tutar keçmişə həp inləyərək.
O
Sən də sapmış kimisən, bəsbəlli... Sarsılıb getdimi dinin təməli!?
Azər
Gündə bir rəngə girərkən dünya, Hanki şeydir ki, dəyişməz əcəba? İnqilab!.. İştə dəyişdin belə sən, Tülkü oldun qoca bir arslan ikən.
Sənə bənzər bilirəm minlərcə. Güclü, sərsəm buğa həp oldu cücə.
O
Sən ki bir əqrəb imişsən gerçək, Bu zəhərlər, bu tikənlər nə demək!?
Sərvətim əldə bulunsaydı, saqın, Mənə gülməzdi bu gün hər sapqın.
Azər
Öyünüb durma, o sərvət əsla
Sənə aid deyil, azğın, budala! Ot satan, pambıq atan, halva qapan -
Hər gələn bəhs eləyir milyondan. Əcəba, sən onu nerdən aldın,
Şübhəsiz, başqalarından çaldın. O sənin kəndi qazancınsa, neçin İmdi qur-qur ötər aclıqdan için?
Get qazan, imdi də iş var, para var, Çalışır imdi də başlar, qollar.
Həp əməkdən çıxıyorkən ətmək, Böylə arsızca dilənmək nə demək?
Bir də yükləndiyiniz altunlar, Hanki bir xeyr işə olmuşdu mədar?!
Kiminiz oldu xurafata ənis, Kiminiz yoxsula cəllad, iblis... Sizi cəlb etdi sokat töhfələri,
Varınız süslədi aşüftələri. Uyuturkən sizi qəflət və qürur
Qopdu tufan, əzilib hər məğrur, Paralar getdi, cəhalət qaldı. Eviniz ətməyə həsrət qaldı. İştə, övladınız abdal, sərxoş,
Həpsi cahil, bacarıqsız, başı boş. Acıram mən sizə, lakin eyi bil,
Mərhəmət çox da gözəl töhfə deyil. Bu səfalət batağından ancaq,
Sizi qurtarsa ölüm qurtaracaq.
KOR NEYZƏN
Azər yaşıl ormanlardan qülbəsinə dönərkən, Axşam qəribliyi saçan üfüqləri dinlədi.
Zümrüd dağlar üstündəki al şəfəqlər sönərkən, Qonşu bağçalarda həzin bir ney səsi inlədi. Bu səs yorğun Azərdə çox acı bir iz buraxdı.
Əsasına dayanaraq addım-addım yürüdü. Suya gedən köy qızları ona heyrətlə baxdı,
Çox sürmədi göy üzünü bir əsmərlik bürüdü. Göz qırparıq gülümsədi ona Zöhrə yıldızı,
Sanki o da dinləyirdi bu sinirli fəryadı.
Bu sırada yavaş-yavaş susdu neydəki sızı, Coşğun, yaralı bir səslə yanıq türkü başladı.
Türkü
Gözəlsən, eşin yox bizim ellərdə, Dilbərsən, dolaşır adın dillərdə. İncəsən, yetişmiş incə bellərdə
Əsla sənə bənzər çiçək görmədim, Sənin kimi şən bir mələk görmədim.
Şəhla gözlərində səadət gülər, Sanki hər afətdən pərəstiş dilər.
Sənin Məcnunların Leylayı neylər? Sənsiz cənnət xərabəzarə bənzər, Sənsiz könül issız məzarə bənzər.
Azər həmən qarşıdakı bir bağçaya yanaşdı, Girmək için izn istədi, bir səs duydu “gəl!” deyə.
Girdi, gözü çardaq altında bir kora sataşdı, Xoş-beş etdi, gördü bənzər o çox arif kimsəyə.
— Nerəlisən? — İranlıyam.
— Adın nədir? — Qəhrəman.
— Bu bağçada bir ney çalan vardı?.. — Mənəm, əmriniz?
— Eşitdim də maraq etdim, olurmu birdə çalsan? — Olur — deyə, aldı neyi, dərdli idi, şübhəsiz.
Çaldı, çaldı, inlədikcə, dağı-daşı inlətdi, Köyə dönən quzuları belə yoldan eylədi.
Acı bir hal keçirərək birdən neyi tərk etdi, Keçmişini anar kimi həzin-həzin söylədi:
Yad ellərə düşdüm, gəlib-gedən yox, Yanaram, sızlaram əlac edən yox,
Uğrunda bitdiyim nazik bədən yox. Dərd aldı sağımı, ölüm solumu,
Namərd Araz kəsdi mənim yolumu.
Bilmədim vuruldum yosma bir qıza, Əridim ürəkdən qan sıza-sıza, Söyləsəm dərdimi aya, yıldıza,
Yıldızlar gülümsər, ay axıb gedər,
Dinləməz halımı yan baxıb gedər.
Urmi bir şəhərdir, ətrafı gülzar, Gül bağları var ki, gəzənlər azar, Zərdüştün günəşi orda az qızar.
Çox zaman mayısdan seçilməz yazı; Xoşdur o torpağın hər sözü, sazı.
O gül diyarında şən bir bülbülə Uyub qondum mən də qönçə bir gülə.
Xain bir ovçunun namərd əlilə, Bütün əşrəf ikən onun vurğunu, Bəbir xan kimsəyə vermədi onu.
On səkkiz baharlıq o qönçə güldən Hər səhər göz busəsi alırdım mən.
Çox çevik bir ovçu idim... Çox zaman Kəndisindən ayırmazdı Bəbir xan.
Bir gün yenə ova hazırlanırkən, Qız “sən getmə!” deyə söz aldı məndən.
Getmədim, dinlədim çılğın könlümü, Gözə aldırmışdım o gün ölümü. Ovçular atlanıb yola düşdülər,
Artıq durub düşünməyi kim dinlər? Mələksima güllü bağa sovuşdu, Könül çırpınaraq peşincə qoşdu.
Ətrafını sardı gül fidanları, Saxladı məndən o nazlı şikarı.
Aradım, aradım, epey yoruldum, Püsküllü söyüdün altında buldum. Ömrümün baharı xəzanə döndü,
Dünya gözlərimdə zindanə döndü.
Bu sırada yaşlı bir bağçavan üzüm gətirdi, Zavallı kor dərin bir ah çəkib sözü bitirdi. Mane olmaq istəmədi onu görən ixtiyar,
Yenə getdi “bağışlayın” dedi, “bir az işim var”. O gedərkən acı-acı gülümsədi Qəhrəman,
Anlatdı ki, mənim dayımdır bu yaşlı bağçavan. İstəmədi əl açayım hər vicdansız səfilə, Alıb gətirdi İrandan məni bu qürbət elə.
Vardım Araz kənarına... həm dirildim, həm öldüm, Çılğınca bir çocuq kimi həm ağladım, həm güldüm.
Sevgilim də, cəlladım da çünki İranda qaldı...
Heç aldırmaq istəmədim, yenə məni dərd aldı. Azər dedi: — Könül istər həmdərd ola səninlə... Zavallı ah çəkib dedi: — Maraq etdinsə, dinlə!
Urmi civarında Əfşar elindən Anasız-babasız bir gənc idim mən. On il əvvəl katib oldum bir xana, Hökmü rəvan idi onun hər yana. Hər kəscə bəllidir Bəbir xan adı,
Baş əydirməmiş bir insan qoymadı. O çox məğrur idi, xeyli qurnazdı, Bəzən hökuməti belə saymazdı. Həşməti, sərvəti, şanı, şövkəti
Olmuşdu hər yerdə dillər ziynəti. Övlad deyə Mələksima adında
Tək bir qızı vardı: lətif, xoşəda... Gözəllər gözəli, sevda günəşi, O diyarda bəlkə bulunmaz eşi. Hər cilvəsi dilbər, incə hər halı,
Onu təsvir için şair olmalı. Üz-üzə gəlincə, dəyişdi halı, Baxışından bəlli idi xəyalı. Ehtiras alovu gözünü sardı.
Pənbə üzü bir gül kimi qızardı. “Nə söyləyim!” deyə mən düşünürkən,
İncə qəhqəhələr qopardı birdən. Coşdu erkəkliyim, yaxlaşdım ona, Sarıldım sarmaşıq kimi boynuna, Sanki bir göyərçin döndü qartala.
Ürküb çəkilərək dedi: “Eşq ola! Şaşırdınmı, nədir, eşmiyəm sana!?”
Bu sözdən içimdə qopdu fırtına. Ümidimi kəsib dönmək istədim,
Çünki yoxsul idim, “haqlısan” dedim. Uzaqlaşdım... Yenə nədənsə güldü,
Güldü, şəhla gözü yenə süzüldü. Qollarını açdı, “getmə, gəl!” dedi. Yaxlaşıb sevindim, qaçmaq istədi. Yaxalayım derkən qaçıb yox oldu.
Baxdım bu nazlanız bir az çox oldu. Çinarlıqda yalnızbaşıma gəzdim, Bu halda incə bir inilti sezdim.
Həmən qoşdum, sağa-sola saparkən, Baxdım ki, səs gəlir bənövşəlikdən. Varıb gördüm ki, ah, o şeri-mənsur Çiçəklər qoynunda çırpınıb durur. Köksünü göstərib, dedi dəmincik, Zəhərlədi məni səmli bir böcək.
İpəkli, tül kömləyini yırtaraq, İncə bir iz buldum qırmızımtraq. Təlaş etdim, həmən qızarmış yeri
Əmib sordum, bəlkə füsünkar pəri Acıdan qurtular, derkən... Bayıldı, Təkrar əmib sordum bir az ayıldı, Sorduqca köksündə güllər açıldı. Gözlərindən həyat nuru saçıldı.
Duydum ki, qız məni çoxdan sevərmiş, Yalnız atasından həzər edərmiş. Əllərim əlindən gələrkən dizə,
Jalədən mey sondu çiçəklər bizə. O gül qönçəsini qopardığım gün
Bülbüllər şakaraq yapdılar dügün.
Axşam oldu, boz buludlar Döndü vulkanlı dağlara...
Qara geydi yaşıl otlar, Sanki yas çökdü bağlara.
Göy kişnədi, çaxan şimşək Hər kəsi qorxuya saldı. Ovçular ovdan dönərək Bəbir xanla keyfə daldı. Məgərsə bir bayquş bizi Görüb xəbər vermiş ona.
Artıq sönüb sevinc izi, Qopdu acı bir fırtına. Məclis dağıldığı anda
Sərxoş Bəbir ayılmışdı. Bunu duyan qız bir yanda Qorxusundan bayılmışdı. “Ah, bu rəzillik nə demək, O qız sənə eşmi!?” dedi;
Həmən məni həbs edərək İntiqam almaq istədi.
Gecə keçdi... Xidmətçilər Qollarımı bağladılar,
Gözlərimə mil çəkdilər, Ürəyimi dağladılar.
O gündən bəridir cahan Gözümdə bir məhbəs oldu. Bais ancaq quduz qaplan, O vicdansız nakəs oldu. Ah, nolurdu zülm aşiqi
Cəllad hakimlər olmasa, Kor insanlar hər fasiqi
Kəndinə rəhbər bulmasa...”
Bədbəxt adam hönkür-hönkür Çocuq kimi ağlıyordu.
Azər dedi: çox gülüncdür, Bu ağlamaq Şərqi yordu.
YAŞAMAQ VƏ YAŞATMAQ
Yorğun Azər hənuz yeni qülbəsinə varmışdı, Arxadaşlar, vətəndaşlar çevrəsini sarmışdı. İxtiyarlar birər donuq heykəl kimi baxardı,
Gəncliyin almas gözləri şimşək kimi çaxardı. Hər üzdə çox maraqlı bir hal vardı,
Hər kəs Avropadan xəbər sorardı. Azər gülümsəyib dedi: — Mən gördüyüm insanlar
Bir-birindən ayrı deyil, həpsi bir şey sayıqlar. Həpsi bir yuvanın quşu, həpsi bir bağ meyvəsi,
Bir saz çalar hər ölkənin, hər dilbərin şivəsi. Hər kəs bir ovçudur ki, ov düşgünü, Qayə ancaq xoş keçirmək üç günü.
Şərq elləri irişilməz “xəyal” üçün yaşarkən, Qərb aləmi az da olsa “həqiqət”dən xoşlanır.
Şərqin sönük duyğusunu əfyun ruhu oxşarkən, Onlar yeni bir silah kəşfini səadət sanır.
Şərq uğraşır yalnız “ölməyim” deyə, Qərb elləri maildir öldürməyə.
Ya o, ya bu qoşar durur həp bir dilək peşincə, Məqsəd ancaq yarını yox, bir həyatı xoş bulmaq,
Şərqə görə o diyarda azad ikən düşüncə, Yazıq!.. Yenə mümkün deyil didişmədən qurtulmaq.
Artdıqca bilgilər artar ehtiras,
Heç fərqi yox: əski hamam, əski tas...
Bir ixtiyar
Of!.. “yaşamaq, yaşatmamaq” duyğusu Günü-gündən vicdanları gürlədir.
İnsanların məncə ən uğurlusu “Yaşatmaq” zövqünü duyan kimsədir. Heç bir şərəf verməz xudkamlıq sənə, Yüksəlmək istərsən — acı düşmənə.
Bir gənc
Bu yüksəliş, xayır!.. Səfil torpaqda Hənuz bir kimsəyə nəsib olmadı. Bu yolun yolçusu qalıb duzaqda, Sızlayan qəlbinə əlac bulmadı.
Əzmək istəməyən bir gün əzildi, “Sevgi” izləyənlər dara çəkildi.
Cahan bir bataqlıq... insan adında Bir yığın möhtəris böcəklə dolmuş,
Bir-birini yeyib yaşarlar onda, Hər kim gücsüz olmuş, həmən boğulmuş.
Hər şey yalan, güclü olmağa çalış! Əzilməyə deyil, əzməyə alış!
Azər
Hey, qoca dünya, hey! Səndə nələr var!? Hər gələn səni bir başqa şey sanır. Kimi bir bataqlıq deyə xor baxar,
Kimi, ifritədir deyə aldanır. Kimi zindan deyə qızarkən sana, Üstün dar gəlincə keçər altına.
(ixtiyarla gəncə) Xayır, dünya şən bir gülzarə bənzər,
Onda cüt ayaqlı “marallar” gəzər. O nəşələr dolu geniş gülşəndə İstədiyin çiçək də var, tikən də. Uslu əllər çiçək dərir, gül toplar,
Tənbəlləri çalı, tikən tırmalar.
Deyirlər insan yonulmuş meymundur, Bu söz həqiqətə pək az uyğundur.
İmdi də “meymunlar” gərçi az deyil, Hər halda bir hacıleylək qaz deyil.
İnsan yonulmuş bir heyvan olsa da, Endirilməz heçə ondakı zəka.
O yalnız düşünməz, düşündürür də, Kəşf edir gündə bir qaranlıq pərdə. Hər gün beynində bir yıldırım çaxar.
Dilərsə bir anda bir cahan yıxar. İnsan çox tühafdır, o hər şey yapar,
Onda yaşamaq da, yaşatmaq da var. “Yaşatmam, yaşaram” deyən səfillər
Qan içən vəhşilər yolunu izlər. Sən nə mələksən, nə də qaplansan,
Nə gülsən, nə tikən... yalnız insansan. Çalış, parla, yüksəl! Unutma ancaq,
Yaşamaq bir haqsa, yaşatmaq da haq!..
YURDSUZ ÇOCUQLAR
“Ə” Qışın axşamı... Bütün daş, torpaq Sovrulan qarla donanmışdı yenə.
Hər tərəfdən qadın-erkək qoşaraq, Varmaq istərdi sıcaq evlərinə.
Yol kənarında böyük, zift əridən Qazan altında kiçik yurdsuzlar Yaxmış atəş... isinirkən birdən İncə bir ruzgar inildər, sızlar.
Fəqət onlar bu soyuqdan, qardan Bixəbərmiş kimi əyləncə yapar.
Söylənən sözləri həp saçma-sapan, Saya gəlməz yaramazlıqları var.
Birinin isladaraq boynunu qar, Çox sinirləndi həmən küfr edərək:
“Nə tühaf, sanki qarın nəştəri var, Ağ bir əqrəbmi bu, ya buzlu sinək”?!
Biri “sus!” — derdi — “əzizim, bunu sən Get də, zənginlərə sor! Gör nə deyir?
İştə bax, qarşıda bir pəncərədən Bizi bir incə qadın seyr eləyir.
Onca bunlar, bu amansız qarlar Rəqs edən bir kələbəkdən də gözəl...
Səni kəskin boralar qırbaclar, Ninni söylər ona pürşeri-əməl.”
Biri islaq, qara ətmək yeyərək Qonşudan çaldığı bir alma ilə, Sonra azcıq sırıtıb əsnəyərək,
Dedi: “Yoldaş, mənə bax, bir söylə, Əcəba varlı çocuqlar nə yeyor?” Biri oynatdı həmən qaş-gözünü.
Dedi: “Hər şey... Onu yalnız mənə sor! Onların mən bilirəm iç üzünü...”
(Kəndinə məxsus məsxərə bir əda ilə, komikcə bir ahəng ilə təqlid edər)
Çocuq
Ana! Bir şey yemək istər könlüm.
Anası
Nə dilərsən bulunur, al ye, gülüm! Bəy baban imdicə almış xavyar,
Tazə yağ var, yeni gəlmiş bal var.
Çocuq
Başqa şey yoxmu?
Anası
Toyuq var, gerçək, İmdi xidmətçi qızardıb verəcək.
Çocuq
Bıqdım artıq, yenə hər günkü yemək, Şübhəsiz, mədəmi bərbad edəcək.
Anası
Şokolad vardır.
Çocuq
O qalsın da sana, Marmelad yoxmu?
Anası
Xayır...
Çocuq
İştə fəna, Portağal olsa batırsam şəkərə, Var ümidim bir az iştah gətirə.
Anası
Söylərəm imdi alarlar, lakin Yaramaz mədə için...
Arxadaşlar soxulub bir-birinə, Güldülər məsxərənin sözlərinə.
Bunu Azər də — yaxından gülərək - Dinləyib derdi: “Əvət, çox gerçək,
Nazü nemətdə yaşarkən onlar, Qara ətmək belə bulmaz bunlar.
Gecələr... böylə qar altında yatar, Yenə sağlam və dəmir canları var.
Kim bilir, bəlkə bütün insanlar Örnək alsaydı da heyvanlardan,
Daha sağlam, daha gürbüzcə yaşar, Bəlkə ummazdı həkimdən dərman”.
Uzun bıyıqları sarqıq, qalınca bir gövdə İçib-içib də sapıtmışdı bir yaxın evdə.
Səndələr, söylənirdi əsnəyərək, Köhnə candarmalardan olsa gərək.
Bir çocuq yaxlaşıb beş-altı adım Dedi: “Yoldaş! Acız, bir az yardım!..”
Sərxoş
(qızğın və çılğın)
Nasıl, nasıl? Sənə yoldaşmıyam mən, ah, azğın! Köpək yumurcağa bax!.. Öl, gəbər də, gəlmə yaxın.
Çəkil də görməyim artıq, çəkil, rəzil, alçaq! Mənimlə yoldaş imiş hər donuz, cəsarətə bax!?
Bu halı seyrə dalıb bilmədən gülümsəyərək, Yürürdü qarşıda şıq bir madam, yanında köpək.
Şən, ufaq bir köpəkdi çox oynaq, Bir ağızlıq da vardı ağzında.
Dedi qurnaz çocuq: “Xanım! Mənə bax, Vəhşilikdən bir iz ki yox onda,
O ki qapmaz, verin, ağızlığı mən
(sərxoşu göstərir)
Taxayım bir bu zəvzəyən hərifə. Xəlqi ta qapmasın səbəb yox ikən, Buna çox uyğun eylə bir töhfə...”
Gülüşdülər də kiçik sərsərilər əylənərək, “Əvət, əvət — dedilər — çox tikənlidir bu köpək”.
Buna Azər də güldü qəlbində, Dedi: çox haqlısan, əvət mən də
Tanıram öylə azğın insanlar Ki, ağızlıq vurulmadıqca qapar.
Bəzi dostlar da var ki, üzləri şən, İçi lakin daşır zəhərli tikən.
Qəlbi kin püskürüb də üzdə gülən, Daha qorxunc olur köpəklərdən.
BAYRAMDI
Bayramdı... günəş incə buludlar arasından Ətrafə saçıb işvə gülümsərdi təbiət,
Pürnəşə baharın əriyən busəsi hər an Səhralara, ormanlara sərpərdi təravət.
Hər göz yeni bir sevgi arardı, Hər üzdə sevinc izləri vardı.
Çox yerdə qurulmuşdu səfa məclisi, yalnız Yoxsulları bir yas kimi xoş gün də sıxardı. Qış xırpalamış, onları əzmişdi amansız... Hər qəsvəti yalnız bir ümid eşqi yaxardı:
Bir gün gələcək yaz olacaqdır, Hər kəs bir az ətmək bulacaqdır.
Bayramdı... böyük bir evi sarmışdı şətarət, Həp dalğalanır qəhqəhələr, zümzüməciklər.
Sevdalı baxışlarda gülümsərdi zərafət, Oxşardı gözəllikləri süslər və ipəklər.
Əllərdə qədəhlər öpüşürkən, Bir incə kaman sızladı birdən...
... Bu dəmdə Azərə yaxlaşdı nazlı bir xilqət, Çiçəkli dağda yetişmiş o pənbə güldə fəqət
İz buraxmış gülər on altı bahar.
Keçən mayıs onu Azər tanırdı bir köydən, O bikri-ismətə adət bəlası çox erkən
Məhrəm olmuşdu pudralar, boyalar.
Bu yapma süsləri Azər görüncə süzdü bir az, Gülümsəyir kimi heyrətlə baxdı... çox qurnaz,
İncə bir şeydi qız, həmən duydu.
Sevimli çöhrəsi azcıq qızardı, söylədi: “Bax, Gəlincə şəhrə dəyişdim, deyilmi? İştə maraq!
Könül az-çox nə görsə həp uydu”.
“Xayır, xayır” — dedi Azər — “Bu pudralar, boyalar Deyil gözəllər üçün... kim sürərsə illəti var,
Sarı üzlərdə pənbəlik yaradır.
Əvət, o, çirkin için bəlkə bir təsəlli olur, Sürüncə yaşlı qadın bəlkə azca nəşə bulur,
Buna aldanma sən, inanma, xayır!
Heç unutmam, səhərdi, çox erkən Köydə çıxdım da bağça seyrinə mən.
Qopdu tufan, uçuşdu toz-torpaq, Soldu bir anda hər yaşıl yarpaq.
Tozda gördükcə qönçə gülləri mən, Nə təəssüflər eylədim, bilsən!
İmdi birdən görüncə böylə səni, Anaraq dünkü gül hekayəsini.
Acılar duymaq üzrəyəm yenidən,
Əcəba, anladınmı Azəri sən!?.” Hər tərəfdən süzülən gözləri sarmışdı maraq. Öyünən süslü xanımlar gülüşüb oynaşaraq,
Sardılar Azəri soldan-sağdan. Öncə üzr istədilər, “Sən həkim olsan — dedilər —
Burda var dürlü çiçək hər bağdan, Həpsi dündən bəri artıq bunu dərd eylədilər.
Ən gözəl kim, əcəba hanki qadın? Bir cavab istəriz, ancaq aydın.”
Güldü Azər dedi: “Söz yox, həpiniz imdi gözəl... Seçəməm bir-birinizdən sizi mən, ən əvvəl
Sıyrılın həp boyalardan, tozdan. O zaman ayrılır əlbəttə gözəldən çirkin,
O zaman bəlli olur doğru, yalan. Aktrisdir deyə sandım sizi əvvəl, lakin Sonra duydum ki, bu ev səhnə deyil, Bu oyun son modadır, köhnə deyil...”
Azərin sözləri bir iynə kibi Qanadıb durdu gülən hər qəlbi. Kimi nifrət, kimi heyrətlə baxar.
Kiminin gözləri bir şölə çaxar. Kiminin yer süpürür qaşqabağı, Pozulur rəngi silinmiş dodağı.
Kimi küskün, kimi əzgin-bezgin... Birinin parladı qəlbindəki kin.
Dedi: “Bilməm bu tikənlər nə için? Bir düşün, sən bizi təhqir etdin.”
Azərin gözləri getdikcə gülümsər kimi şən... Dedi: “Aldanma xayır, məndə nə kin var, nə tikən.
Biləkis sizdəki mənfi süslər İncə bir duyğunu təhqir eylər.
Xayır, Azərdə bulunmaz qabalıq, Sizə düşməndir o sərsəm və alıq Ki, “gözəlsən” deyə təqdis eylər. Sonra təhqir ilə arxanca gülər.
Biri der: “Bax, nə gözəl pudra, boya! Bu gözəllik kir olur girsə suya”
Biri der: “Pənbə heç uymaz sarıya, Bənzəyir bax, bu qadın soytarıya”.
Fəqət Azər düşünür çox başqa, Xoşlamaz çünki yalan söz və riya. Onca bir gül ləkəsiz, tazə gərək,
Oxşamaz ruhunu hər yapma çiçək. “Əskilik” zövqü yorar, hər “yenilik”
Çox təbii... oluram mən də şərik. Yenilik xoş, moda xoşdur, lakin Böylə sərsəm yenilik çox çirkin.
Hər dəyirman tozu, hər kirli boya Bir gözəllikmi verir? Yox, haşa! Həpiniz xəstə, üzülmüş, qansız,
Başqa, çox başqa sizin dərmanınız. O da yalnız: su, günəş, bir də hava!..
“Su, günəş, bir də hava” ən rəna, Ən gözəl bir tualetdir... mənə bax,
Bu qaranlıq odalardan qaçaraq, Hürr olun ta sizi öpdükcə günəş, Qızarıb hər yanaq olsun gülə eş.
Hərəkətsiz bir ovuc ət kimisiz Qapanıb məhbəsə gün görməsəniz. Nə gözəllik, nə də səhhət qalacaq,
Gündə bir çöhrə vərəmdən solacaq. Sordunuz “kim daha dilbər və gözəldir” deyərək,
Sevdiyimdən sizi mən xırpaladım bilmiyərək. Üzü dilbər, sözü dilbər pək çox... Özü dilbər gözəl az, bəlkə də yox. Eşsiz olsun da camalın nə çıxar,
Mənəvi hüsnünü bir yoxla nə var? Bir çox afət bilirəm üzləri xoş,
Rühü düşgün və sönük, içləri boş... Şübhəsiz, nazü qürur, işvə, əda Dadlıdır şən və gözəl bir qızda.
Gözəlin — məncə — ən ülvi sifəti: İncə ruh, əqlü zəka səltənəti...
İnqilab iştə! Atıb çarşafı siz, O siyah pərdəyi rədd eylədiniz.
Qeyd edərkən bunu tarix, ancaq Bir fəzilət deyə alqışlayacaq.
Sizi aldatmasın amma bu qürur, Çarşaf atmaqla bitər sanma qüsur. Çox beyinlər yenə həp pərdəlidir,
Mənəvi pərdəyi dəf etməlidir.” Azərin sözləri çimdiklədi çox duyğuları,
Süzdü qumral, ala gözlər onu altdan-yuxarı. “Yetişir, anladıq artıq!” dedilər,
Söylənən “saçmayı” həzm etmədilər. Öpüşürlərdi gedərkən həpsi,
Çox tühafdır bu öpüşmək həvəsi. Xəstə, sağlam nədir? Aldırmazlar, Vərəm olsan da könül qırmazlar.
Bu çürük adətə Azər darılıb qızdı həmən, Dedi: üzr istəyirəm,
Bu, cinayət kimi bir şey... qabalıq olsa da mən Sizə qatil deyirəm.
Sizə qatil deyirəm! Çünki bu qorxunc adət Mədəni bir vəhşət!..
Bu öpüşlər saya gəlməz acı, xain və ağır İztirablar yaradır.
Bir çox insan bu öpüşlərdə səadət də bulur, Onu şairlərə sor!
Mən səadət deyil, ancaq duyaram təhlükələr,
Kirli, müsrü ləkələr. Qorxun, azğın ləkələrdən qorxun,
Ev yıxan təhlükələrdən qorxun!
LALƏ
“H”
Şəhər qadınları “pənbəgül” deyə Həpsi vurulmuşdu gözəl Laləyə.
Sisli dağların o eşsiz pərisi Oxşar dururdu hər xəyalı, hissi. Dadlı bir musiqi gülər səsində, İlham izləri var hər cilvəsində.
Gözlərindən uçan bayğın kölgələr Hər incə duyğudan pərəstiş dilər. Yürürkən göyərçin rəqs edər kibi
Çırpındırır o hər yaralı qəlbi.
...Qədəhlər dolmuşdu, çalğı inlərdi, Gözəl qız inləyən səsi dinlərdi.
Bütün gənclər ətrafına qondular, Bu köy dilbərinə badə sondular.
İçmək istəmədi, israr etdilər. Bir az içdi, həmən təkrar etdilər.
Ürpərdi tükləri bu ilk adımda Duydu vicdanında acı bir səda. Çox sürmədi dalğalandı nəşəsi, Cəzb etdi hər kəsi nazı, işvəsi.
İçdilər... içdilər... Gözlər bayıldı, Sinirlər gevşədi, qollar yayıldı.
Gecə keçmiş... “Artıq vaqıtdır” deyə Səfa məclisinə vida etdilər,
Büllur qəhqəhələr saçıb getdilər.
Lalə də bir gənclə qol-qola çıxdı, Əsrarlı gecəydi, hava açıqdı.
Bahar məhtabının səfası vardı, Sevdalı busələr şən qızı sardı.
Ehtiras atəşi olunca kəskin, Yaxdı ismətini dağ pərisinin.
Səfil bir odanın vəhşi qoynunda
Silinməz bir ləkə qaldı boynunda.
Səhər dan ulduzu gülərkən ona Ruhunda qopdu bir acı fırtına.
Yataqda çırpındı, həmən bayıldı... Yarın son imtahan idi, son yıldı. O gəlmişdi ürfan həyatı görsün, Köylərinə nurlu izlər götürsün. O istərdi yoxsul, aciz və miskin
Qız-gəlinə doğru yollar göstərsin. Fəqət imdi!?.. Həpsi-həpsi nafilə!..
İnsanlardan qaçıb endi sahilə. Köpüklü dalğalar coşub çağlarkən,
Alovlar, zəhərlər axdı içindən. Babası, annəsi, qarlı dağları, Yavuz nişanlısı, yaşıl bağları,
Parladı bir röya kimi gözündə, Dəhşətlər oynaşdı pənbə üzündə. Günəş gülümsərkən Lalə də güldü,
Birdən-birə dalğalara gömüldü. Görən balıqçılar imdadə qoşdu,
Əfsus!.. O bitmişdi, xəyal olmuşdu.
Cənazəni sardı arxadaşları, Saçıldı gözlərdən inci yaşları.
Qız-gəlin soruşub maraq edərdi: “Lalə nədən soldu, nə imiş dərdi?”
Azər dedi: “Lalə nəşədən soldu, Dadlı şərab dalğasında boğuldu.”
Bu halda kinli bir səs Üsyan etdi apansız,
Çevrilib baxdı hər kəs, Şahin baxışlı bir qız.
“Xayır!” — dedi — “xayır!.. mən Göz yaşı tökməm ona.
Onun bu zillətindən Heyrət gəlir insana.
Bu hal əskidən bizə Ən acı bir yadigar... Qadınlıq çöküb dizə
Bir çox əsir oldular.
Şən saraylar keçmişdə Bizi alıb-satardı.
Solub gözdən düşüncə, Heçliklərə atardı.
Bütün dinlər, qanunlar, Qadınlara xor baxdı. Üsyan edincə onlar Su yerinə qan axdı.
Bir çoxları nadanlıq Pəncəsində sıxıldı.
Kimi olub qurbanlıq Atəşlərə yaxıldı.
Lakin qadınlıq bu gün Hər zənciri qırarkən,
Bu hal neçin?.. Bir düşün! Heç də əfv etmədim mən.
Lalə şən bir çiçəkkən Neçin solsun heç yerə?
Bunun zəifliyindən Zillət gəlir bizlərə.
O sayğısız vəhşidən Lalə öc almalıydı.
Əvət, onu qəhr edən Əllər qırılmalıydı.
O kirli dırnaqlarda Çox didildik, əlverir.
Yetər, bu gündən sonra Qadınlıq deyil əsir.”
Qız köpürdükcə ondan Eşləri örnək aldı.
O, Azərin ruhundan Qopan bir teli çaldı.
MƏZARLIQDAN KEÇƏRKƏN... “H”
Günəş gülümsərdi, insan ağlardı... Azər çıxmış idi səhra seyrinə.
Qarşıda bir yaşıl məzarlıq vardı, Hər daşı bənzərdi hicran şerinə. Yaxında çırpınan soluq bir kölgə Bir məzar önündə durub inlərdi:
O, gənc bir aşiqdi, küsmüş dirligə, Azər maraq edib onu dinlərdi.
İştə mən sənə gəldim, Bu gün çox şəndim.
Göz yaşlarımı sildim, Dərdim yox mənim.
Artıq yetər, qalx, oyan! Bütün çiçəklər,
Baş qaldırıb yataqdan, Həp səni bəklər.
Bir eşq ilə yaşarkən Sən atdın məni.
Vəfasız olsan da, mən Unutmam səni.
Hər gün issız türbəndə Bir az öldüm mən,
Olmazmı imdi sən də Məni düşünsən...
Həyat gözəlmiş!.. Onda Artıq yox gözüm.
Yer ver ancaq qoynunda, İştə son sözüm...
Hənuz sıtmalı gəncin bitməmişdi fəryadı, Birdən-birə əlində bir tapança parladı.
İntihar niyyətilə nişan etdi alnını, Azər “hey, abdal!” deyə xırpaladı şaşqını. Diksinərək bu səsdən düşdü əldən silahı,
Ölüdən fərqi yoxdu duyulmasaydı ahı.
Yavrum! — dedi — aç mənə, qəlbini kim qanatdı? Zavallı dərdə gəldi, ah çəkərək anlatdı:
Şən bir sabah idi vuruldum ona, Gözlərində mayıs röyası vardı.
Eşqimi inlərkən incə ruhuna Başımda bir dəli sevdası vardı.
İpək saçlarını güllər öpərkən, Hər sirrimi ona açıb tökdüm mən.
Bir bənövşə verdi mənə köksündən, Ah, o qızda mələk ədası vardı.
Həmən bir baxışda aldı könlümü, Üç bahar olur ki, çaldı könlümü,
Ən sonunda dərdə saldı könlümü, Bir könül ki, min bir bəlası vardı.
Azər dedi: O imdi bitmiş artıq,
Çox yazıq!.. Bir yarpaq kimi solmuş, Çürümüş, torpaq olmuş.
Bərabər ölsən belə, Ümid yox üzün gülə.
Hindin əski adəti
Yapsa da bu vəhşəti, Haq düşünən bir insan
Xoşlanmaz bu oyundan. Nəfsə qıyanlar aydın... Ya xəstədir, ya çılğın.
Bu sərsəmlik çox zaman Edər gənclikdə tüğyan.
İxtiyarlar ölümdən Quşqulanıb titrərkən, Sayğısız bir yığın gənc,
Bulur həyatı iyrənc, İşlər durur nəhayət
Umulmaz bir cinayət. Saqın mənə darılma,
Gözəl düşün, yanılma!
Ölüm var ki, həyat qədər dəyərli, Həyat var ki, ölümdən də zəhərli...
Yaşamaq da xoşdur, ölmək də xoşdur, Qayəsiz həyatda ölüm də boşdur. Hər sönük eşq üçün üzülmək fəna, Dar gəlməsin dünya genişkən sana.
Er-gec məzar alır bizi qoynuna, Uyma, saqın, vaxtı gəlmədən ona. Matəmlərə boğma sisli ömrünü,
Çalış da xoş keçir bu üç-beş günü. “Ölüm də xoş...” dedim, qapılma hissə,
Böyük bir eşq üçün lazım gəlirsə, Nəfsinə xor baxan bir qəhrəman ol, Haqq üçün başından keçən insan ol!
“El üçün ağlayan göz kor olsa da” İnanma, arxadaş! O boş bir səda!
Xayır, xudkam olub sapma dar yola, Həp el üçün ağla, el üçün sızla!
Ağla demək - çarpış, vuruş deməkdir, Ağlamaq insana miskinlik verir. Bir eyilik yapsan issız yurduna, Səadət pərisi gülümsər sana.
Haq da, həqiqət də göz önündədir, Yer altında deyil, yer üstündədir. Bəxtiyarsan, əgər çəkdiyin əmək, Cahan sərgisinə versə bir çiçək.
DƏNİZ KƏNARINDA
“H”
Şətarətli bir mayısdı... Azər enmiş sahilə,
Zümrüd dalğaları seyrə dalmışdı. Pək yaxında çoluq-çocuq vermiş də həp əl-ələ,
Şən kələbəklərdən örnək almışdı. Sədəfli qumlar üstündə top oynardı oğlanlar,
Qızlar da bir yanda şərqi söylərdi. Bir tərəfdə mürcüləyən beş-on sönük ixtiyar
Bir çığlığa qarşı nifrət eylərdi.
Qızların şərqisi
Səhər çağı gəzə-gəzə Çıxmışdım erkən dənizə. Günəş gülümsərkən bizə, Dalğalar döndü almasa,
Sırma işləndi atlasa.
Ağ yelkənlər qanad açar, Süzülüb naz ilə uçar,
Ənginlərə fərəh saçar. Dalğaların çağıltısı
Salamlar eşsiz mayısı.
Fırtına yox, açıq hava... Balıqçılar çıxmış ova, Dalğaları qova-qova
Qatlanır hər üzüntüyə Yalnız “ac qalmayım” deyə...
İxtiyarlar
— Artıq yetər. — Çox oldunuz...
— Ah, yaramaz çapqınlar! — Ey, mənə bax!
— Burax canım, söz anlamaz sapqınlar. — Həya, ədəb, tərbiyə yox... — Bax bu keçən qurnaza!?
— Qarışmış oğlan qıza.
İki-üç qadın
— Zəmanəniz zınqıldasın. — Oğlan da, qız da azğın... — Vaxtilə biz də gənc idik,
Böylə yapmadıq, saqın! — Xayır, allah əsirgəsin!
Biz sayğısız deyildik, Böyüklərin qarşısında həmən susduq, əyildik.
Bax o çimən yumurcağa! — Burax, batsın, gəbərsin! — Sizin qonşunun çocuğu...
— Ona çocuqmu dersin!? Bizimkilər evdən çıxmaz. — Mənimkilər də öylə...
— Üzmək də bir əyləncəmi ürək üzüntüsüylə? Bir ixtiyar çılğın kimi həmən bağırdı, durdu:
— Ah! Həp gənclik azdı, çoluq-çocuq qudurdu. Qızlar bu sözlərə qarşı sarsılaraq üzüldü,
Azər bunu seyr edərək qəhqəhələrlə güldü; Günü keçmiş nasehlərə yaxlaşaraq “dur!” — dedi:
— Sizin tərbiyəniz artıq bu gün üçün əskidi. Siz nəsiniz? Qorxu, zillət bayquşları... cümləniz, Kəklik kimi başı qarda, quyruğundan xəbərsiz.
Bir-birinə qarışdırdı oğlanları, qızları, Saqın! — dedi — dinləməyin teli qırıq sazları.
Hər sözə bel bağlayıb da məyus olmayın, xayır; Duyduğunuz laqırtılar başdan-başa saçmadır.
Hər saçmaya aldanmayın “həq və həqiqət” deyə. Onlar sizi sürükləyir sönüklüyə, heçliyə,
Əsrin yavruları olun... əvət, ancaq cəsarət, Ancaq çəlik qollar verir insanlara səadət.
Çırpınış sükutdan gözəl, gülüş iniltidən xoş, Günəş kölgədən uğurlu... çalış nura doğru qoş! Çocuq düşə-düşə böyür, əzilməyən düzəlməz,
Miskinlərə, acizlərə cənnət pəyami gəlməz. Bax, üzüyor ənginlərdə bir balıqçı yavrusu,
Balıq kimi oynar durur, bilməz dəniz qorxusu. Yediyiniz balıq qədər sizdə yoxmudur hünər? Toyuq kimi küməslərdə sönüb bitdiniz, yetər!
Artıq yetər, evinizin çəpərini aşmalı, Qartal kimi geniş üfüqlərə doğru qoşmalı...
Bu halda bir şey gurladı, maraqlandı çocuqlar: — Nədir bu səs?
Yıldırımmı? — Hər nə varsa göydə var,
— Əvət, doğru...
Baxın iştə! — Qos-qoca bir təyyarə...
— Kim bilir nerdən gəliyor, yolu hanki diyarə?
Azər dedi: mən bilirəm, bu qəhrəman yolçular, Şərqə uçan bir karvan ki, buludları qamçılar.
İçlərində bəlkə sizlər kimi çocuqlar da var, İştə, Qərbi atıb gəlmiş, yeni mühitlər arar. Buzlu qütübləri aşar, əgər fürsət bularsa,
Bu gün-yarın yüksələcək heç şübhə yox ki, Marsa. Hər qüvvətə üstün gəlir ancaq qorxusuz bəşər, Cahan igid ərlərindir, qorxaq gözə çöp düşər.
Qorxu-sinsi bir mərəz ki, azar azar öldürür, Nəşəsiz bir ömrü ancaq mübarizə güldürür.
VƏHŞİ QADIN
Yazın atəş sovuran sıtmalı, qızğın günəşi Bir-birindən ayırırkən hər eşi,
Azər etmişdi yanıb örsələnən şəhrə vida Nəfəs alsın da bir az dağlarda.
Tarlalardan, dərələrdən, təpələrdən keçərək, Qaynaşan buzlu sulardan içərək,
Seyrə daldıqca yaşıllıqları eylərdi maraq, “İştə cənnət” deyə heyran olaraq.
Duydu ormanlar içindən süzülürkən dilbər, İncə, şaqraq və gözəl zümzümələr.
Ruzgar inlər də, edər səcdə yaşıl yarpaqlar, Səs verir onlara şən irmaqlar.
Gülərək bir təpəcikdən sarı, vəhşi güllər, Sallanır dalğalı, mor sünbüllər.
Bir yığın çingənə qonmuş da pınar başlarına, Bu günün zövqünü satmaz yarına.
Əylənir, nəşələnir tozlu şəhərlərdən uzaq, Dinləməzlər nə imiş qayğı, maraq.
Bir çox insanları sarsan acılar, fırtınalar Onların şən çadırından qorxar.
Seyr edərkən bu gözəl lövhəyi dalğın Azər Yeni bir səhnə açıb durdu kədər.
Qarşıdan bir acı səs yüksəldi,
Şaşıran gözlərə dəhşət gəldi. Bir qadın çıxdı yaşıl çamlıqdan
Üz-gözündən yağaraq kin, üsyan, Onu bulmuşdu çobanlar üryan, Bənzəyir bayquşa, lakin insan.
Örtən ancaq o bürüşmüş cəsədi Bir qarış kirli və yırtıq bezdi. Hələ yırtıq səsi, vəhşi baxışı, O baxışlardakı şimşək çaxışı
Çox düşündürdü tamaşaçıları, Süzdü hər kəs onu altdan-yuxarı.
Soruyorkən ona “Kimsin? Nəçisin?” Daş kəsilmişdi, bilinməz ki neçin?
Bir köylü
Bu qadın, bəlli, sağır ya dilsiz...
Qadın
(şaşqın və həyəcanlı)
Bir suçum yox, məni öldürməyiniz!
Köylü
Heç təlaş etmə, saqın, ağlama, biz İnsanız, yırtıcı qaplan deyiliz.
Qadın
Nə bəla gəlsə də qaplanlardan, Yenə mən qorxaram insanlardan.
İkinci köylü
Söylə, kimlər sənə qıymış böylə?
Qadın
Sorma, azğın bəşərin zülmilə
Bu keçən qovğada bəxtim döndü, Var-yoxum yandı, çırağım söndü.
Çarpışırkən quduran millətlər Bizi məhv etdi ağır dəhşətlər.
Atdılar atəşə dilsiz qızımı, Südəmər yavrumu, şən yıldızımı. Təkcə bir körpəcə oğlum qaldı,
Yolda canilər əlimdən aldı. Parçalarkən onu... uf, yandı dilim! Mən o gündən bəri insan deyilim.
... Susdu birdən-birə biçarə qadın, Süzdü ətrafını şaşqın-şaşqın,
Yenə ormanlara qaçmaq dilədi. Ona bir köylü həmən diş bilədi,
Yaxalarkən dedi: “Bir sərsəmə bax! Kəndi həmcinsinə nifrət qılaraq
Yenə vəhşilərə mail görünür, Onca insan daha qatil görünür.”
Gülərək söylədi Azər: “Əcəba Haqlı kim? Bizmi, o biçarəmi ya!? Ona tən etməyəlim xor baxaraq, Bir həqiqətdir o, aydın-çılpaq...
Onu yaxmış bəşərin “mərhəməti!” İştə hərbin acı bir aqibəti.
İştə on ildir o, insandan uzaq, Çöldə vəhşilərə mənus olaraq
Yaşamış... yasdığı həp daş, torpaq, Yaşamış töməsi həp ot, yarpaq. Yenə xoş onca bu gün ormanlar,
Canavarlar, ayılar, qaplanlar. Ona həmcinsidir ancaq düşman, Oxudur vəhşiyə rəhmət insan”. ... Hər ağızdan coşaraq laf axını, Köylülər sardılar ürkək qadını.
“Edəriz biz sənə yardım” dedilər, Ən yaxın bir köyə əzm eylədilər.
Beş-altı gün aradan keçdi... Bir səhər Azər Keçincə köydəki meydançadan toxundu ona,
Acı bir lövhə, bir tikənli xəbər. “Vurun, vurun!” deyə kin püskürən beş-altı nəfər
Hücum edirdi o yurdsuz və kimsəsiz qadına,
Hər tərəfdən yağardı nifrətlər.
Tamaşaçılar
— Burax, yetər! — Gəbər, alçaq! — Yetər, burax!
— Suçu nə? — Burax zavallını...
— Xırsızlıq eyləmişmi yenə?
Bir dükançı
Onu heç sorma, getdi var-yoxumuz. Obur qadın, bir az ac qalsa, hər nə varsa çalır.
Əlində bir qocaman ətmək, iştə parçalayır. O bir insan qılıqlı kirli donuz.
Azərin gözləri şimşək kimi birdən çaxaraq, Dedi: “əl saxlayın, artıq yetişir sillə, dayaq.
Sizcə xırsızlara lazımsa cəza, Doludur həp dünya.
Öylə xırsız bilirəm: çaldığı milyonlarla Möhtəşəm, süslü salonlarda edərkən tüğyan,
Onu təhqir edən olmaz əsla!
Əzilir qarşı qoyan. Varlı xırsızları alqışlayaraq hər kəs öyər,
Bəlkə heykəl də yaparlar adına. “Çaldı bir parçacıq ətmək” deyə hər kölgə söyər,
Bəslənir kin bu səfil, ac qadına. Ona xırsız deyən abdallara heyrət!.. Yalnız
Ac və yoxsuldu o dilsiz məxluq. Əvət, ancaq suçu yoxsulluq... Onunçin haqsız...
Ən silinməz ləkədir yoxsulluq!”
KÖYDƏ
“H”
Köydə ikən Azər bir axşam çağı Qəhvəxana qarşısında əyləndi.
İranlı bir dərviş əldə naçağı “Hu, mədəd, ya Əli!” deyə söyləndi. Bəhs edərək qədim əfsanələrdən,
Keçmiş ərəbləri öyüb dururdu. Sonra “heçdir insan, heçdir nə görsən,
Heçdir cahan...” — deyə saçıb sovurdu. Azər gülümsədi: Tühaf şey! — dedi,
Hərifin satdığı məta: heç, yalan... Aldığı bir ovuc gümüş... hey, gidi!
Nə boldu bu köydə mövhumat alan!? Bu sərsəridənsə, gözəl deyilmi
Əyləndirsə bizi saz aşıqları. Var, dedilər, amma dayazdır elmi,
Söylədiyi sözlər həp çobanvarı. Bu halda şən bir aşıq
Salamladı məclisi. Sızlayınca saz artıq
Coşub durdu gur səsi.
Aşıq
Mən bir qartalam ki, zümrüd dağların Çiçəkli qoynunda yaşıl yuvam var.
Gül bənizli, şahin baxışlı yarın Könlümə saçdığı yeni ilham var.
Keçən qış bir maral izilə qoşdum, Qaçırdım ovumu, ona qovuşdum,
Qafam döndü, sanki dəli, sərxoşdum, Dedim: bir ovçudan sənə səlam var.
Gülümsərkən üzü, dodağı soldu, Fırtınadan ürküb mənə soxuldu,
Sevişdik... ayrıldıq... artıq yox oldu, O gündən sevdalı başda bəlam var.
Bu halda köy meydanında Davul, zurna səsi coşdu. Məclis dağıldı bir anda
Hər kəs gurultuya qoşdu. Köydə dügün varmış deyə
Azər də çox maraq etdi. Uydu qayğısız dəstəyə Dügün şənliyinə getdi.
Bir tərəfdə qadın, erkək Yallı gedər oynaşırdı,
Çoluq-çocuq gülüşərək Arı kimi qaynaşırdı.
Şərqi söylər bir tərəfdə Yosma qızlar, şən gəlinlər.
İgid ərlər bir tərəfdə Sevdalı sözləri dinlər. Bu sırada çalğı birdən Ahəngini dəyişdirdi.
Bir pəhləvan qoşub həmən Güləş meydanına girdi. Hoplarkən önə, geriyə, Balıq ətlər şişib durdu.
Mənə bir eş yoxmu, deyə Hər kəsə meydan oxurdu.
Bu halda qalın gövdəli, Soyunmuş bir köylü gəldi,
Əlinə dəymədən əli Yenildi, həddini bildi.
Sonra gürbüz, çevik, əsmər Bir gənc atıldı meydana,
Şaşa qaldı seyirçilər, Eş deyildi çünki ona.
Beş-on məktəblidən başqa Hər kəs bir az şübhələndi.
Köylülər bunu bir şaka Sanır kimi həp əyləndi. Çünki o bir müəllimdi, Tanımayan yoxdu onu. Bəkləməzdi kimsə imdi
Ondan bu qorxunc oyunu. Könüllü gənc çox sürmədən
Döndü çevik bir qaplana, Üstün gəldi şöhrət güdən
Ayı kimi pəhləvana. Hərif sarsıldı, ansızın
Umulmaz bir zərbə yedi. Əl çalaraq erkək, qadın
Çəlik qola “var ol!” dedi. Gənc müəllim geyinərək
Gəldi Azərin yanına, Üzr istəyib dedi: “Gerçək, Bu hal uyğun deyil mana.
Nə etməli, el adəti... Köyün başqa aləmi var,
Buna şəhər cəmaəti Bəlli bir şey ki, yan baxar”.
Azər dedi: “Heç yanılma, dinlə məni, El adəti ürkütməsin böylə səni.
Şəhərləri sıtma, vərəm sarmış bütün, Hərəkət yox, qan yox, həpsi xəstə, ölgün...
Gecə-gündüz bülbül kimi həp qəfəsdə. Günəş görməz, hava udmaz bir nəfəsdə.
Şəhər dursun, yaxındakı çox köyləri Görənlərin ürpəniyor həp tüyləri.
Sıtmadan, pis xəstəlikdən çürümüşlər, Onlarda yox sizlərdəki şən gülüşlər. Onlarda yox sizlərdəki çevik bədən, Onlarda yox əsər sizdəki şənlikdən.
Dəmin güləşməyə “əski adət” dedin, Mən şaşırdım, bəlkə onu fərq etmədin.
Əski olsun, bu xoş adət ən mədəni, Ən yaldızlı adətlərdən daha yeni... Mənim ən çox dilədiyim sizlər için:
Sağlam bədən, sağlam sinir, sağlam beyin. Dünya geniş bir meydan ki, heyvan, insan Aman bulmaz çarpışmadan, vuruşmadan.
Hər kəs birər pəhləvandır o meydanda, Birincilik qalır ancaq üst olanda.
Cahil-alim həp çarpışır, həp güləşir, Meydanda tək qalmaq üçün pəncələşir. İnsan var ki, gülüb dururkən qüvvətə,
Qarşı gəlsə məcbur olur itaətə. Tutduğun yol böyük... Sən el rəhbərisən,
Bütün səslərdən üstündür sənin səsin. Bağır, hayqır, can ver issız bucaqlara,
Bilgi nuru yağdır sönmüş ocaqlara. Zəif biləklərdən çəlik qollar yarat! Hər uyumuş beyinə bir qığılcım at!
Çalış bütün boşluqlar əzminlə dolsun,
Hər bataqlıq çiçəkli bir cənnət olsun. Bilgi saçar hər qaranlıq yurda işıq, Yalnız əmək verir bizə bəxtiyarlıq.”
SƏLMANIN SƏSİ
Oktyabr üçün “H”
Hər günəşə vardım ləkəli gördüm,
Hər vicdana girdim kölgəli gördüm, Parlaq imanları şübhəli gördüm, Məgərsə hər cilvə bir xülya imiş.
Altun əsiridir həp irzü namus, Yoxsullara gün yox, ya məhv ol, ya sus! Hər kəs insanlıqdan dəm vurur, əfsus!
Həp yalan, təməlsiz bir sevda imiş.
Yaralı könlümü tikənlər deşdi, Kimdən vəfa umdum qanımı içdi, Cavan ömrüm fəryad içində keçdi,
Səadət əməli bir röya imiş.
“Ə”
Bunu Azər keçiyorkən duydu, “Nə gözəl səs!” deyə dərhal uydu. Çox maraq etdi, dərin zövq aldı,
Xilqətin şerinə heyran qaldı. Sordu “kimdir əcəba?” — Bildiklər “Bir yetim qız, adı Səlma” dedilər.
Öncə yoxsuldu, alıb bir makinə, Çalışır, yardım edər annəsinə. Tikiyor incə-ipək kömləklər,
Həm gözəl şərqi təğənnü eylər. Sandı Azər görüyor bir röya,
Girdi çox sadə kiçik bir odaya. Gəldi Səlma, gülərək əl verdi.
“Nə səadət!” deyə yer göstərdi.
(xəstəlikdən yeni qalxmış annəsinə işarətlə)
İştə annəm yeni qalxmış, baxınız, Sağalıb həp sizi özlər yalnız.
Qonuşub içdilər azcıq qəhvə, Yad deyildir əvət, Azər bu evə. Bir zamanlar yağaraq dəhşətlər
İki biçarəyi etdikdə hədər, Qurtuluş yolları bulmuş Azər,
Qoşaraq yardıma olmuş rəhbər.
Həsbhal eylədilər, söylədilər, Gəldi həp xatirə keçmiş günlər.
Dedi Azər: “Nə çıxar keçmişdən, Fəzlə bəhs etməyəlim bir heçdən.
Varsa ən doğru həqiqət, o “bu gün!” “Bu gün”ün hökmünü öyrən də düşün!
Keçiyorkən məni cəlb etdi səsin, Sözlərindən səni gördüm bədbin”.
Annəsi
Neyləsin, həp çalışır, zəhməti çox, Yenə bir güldürəcək taleyi yox...
Güldü Azər dedi: “Tale nə demək!? Yetişir olsa təşəbbüslə əmək!
Öncə kəşf etməlisən mənliyini, Etsə məsud edər ancaq o səni. Var hər insanda böyük istedad,
Onu bul, yoxsa nə yapsan bərbad...” “Gedəlim, gəl!” — dedi gəl, izlə məni -
“Sənə Azər tanıdar taleyini”. Uydu Səlma ona, qalxıb getdi,
Bu tühaf rəhbəri təqib etdi. Keçdilər dar və geniş yollardan, Vardılar bir evə... Azər o zaman
Göstərib bax dedi: “Yavrum! Burası Möhtəşəm bir yapı, sənət yuvası. Səndə var bülbülə bənzər bir hal, Gəl bu əlhan ocağından feyz al!
Musiqi rəmzini öyrən, lakin Gecələr evdə çalış ətmək için”.
Durdu Səlma... Dedi: — Çox qız ləkələnmiş burada,
Bu mühit iştə çox azğın, hətta Mələk olsam da görən tən edəcək,
Məni əxlaqı sönük zənn edəcək. Dedi Azər:
— Sağır ol, dinləmə hər kölgəni sən, İncəlir hər qabalıq sənətdən. Bəşərin uyduğu əxlaq, adət
Bir yığın yıpramış ölgün hikmət. Güldü Səlma, düşünüb haq verdi,
Aqibət ismini qeyd etdirdi. Keçdi illər, dəyişib mövsümlər, Yazın axşamdı... Yürürkən Azər
Daldı birdən-birə... munis, şaqraq, İncə bir səs duyaraq etdi maraq. Saparaq girdi şəhər bağçəsinə,
Buldu çox süslü, böyük bir səhnə. Baxdı, səs yaz klubundan gəliyor,
Dalğalar nəşələnib yüksəliyor.
Səlmanın səsi
“H”
Hər gülşənə vardım, çiçəklər güldü, Sevdalı bülbüllər səlamə gəldi.
Hər bəzmə uğradım, meylər töküldü, Qədəhlər öpüşüb xuramə gəldi...
Almaslar, incilər qarşımda söndü, Gözəllər yanımda xəyalə döndü.
Büllur qəhqəhələr susmuş göründü, Susmuş kamançalar ilhamə gəldi.
Pərişan zülfümü dağıtdım üzə, Sehr etdi hər teli sanki bir gözə,
Gördülər qarışmış gecə gündüzə, Ölülər nəşədən qiyamə gəldi.
“Ə”
Baxdı Azər, coşaraq alqışlar, Qadın, erkək qızı həp sarmışlar.
“Yaşa, var ol!” — deyə səs yüksəldi, Töhfələr, süslü dəmətlər gəldi. Qızda parlardı qürur, istiğna.
Qoşdu hər kəs kimi Azər də ona. Dedi: “Təbrik eləyim gəl səni mən,
Sənə nerdən bu səadət bilsən? Düşün əvvəlki səfalət dəmini!
İnqilab atəşi parlatdı səni. İnqilab açdı sənin şəhpərini...”
Qız gülümsər kimi, şən rəhbərini Öpdü ruhundakı şeriyyətlə,
Gözlərindən süzülən hörmətlə...
Üsyan
Azər düşünür, dalğa keçərkən... Birdən-birə həp dalğalı, həp şən
Bir vəlvələ qopdu, Bir fırtına, bir zəlzələ qopdu.
Sarmışdı bütün ölkəni heyrət, Lakin...
Çox üzdə gülümsərdi şətarət, Hər nəşəli gəncin
Ruhunda açılmışdı çiçəklər,
Coşmuşdu diləklər. Bir yanda şəyəq dalğalı, nazəndə axınlar,
Qızlar və qadınlar Oynar, sevinər, şənlik edərlər,
Həp pənbə dodaqlarda zəfər şərqisi gurlar.
Qızlar və qadınlar!.. Həsrətkən işıq aləmə onlar,
Zillətdə əsirlərcə bunalmış da əzilmiş, Hürriyyəti ancaq yeni bilmiş...
Sıyrıldı günəş sisli buluddan Hər kəs süzüyorkən onu heyran...
Parlarkən üfüqlər,
Birdən-birə çarşaflar atıldı, Həp coşdu nütüqlər.
Erkəklərə meydan oxunurkən, Onlar da qatıldı,
Çarşaf kimi, qalpaq da yox olsun... deyə birdən
Erkək və qadın dalğalanıb gurladı, coşdu, Məbədlərə qoşdu.
Gənclik dedi: “Onlar da dəyişsin, Məktəb və kütübxanəyə keçsin”.
Üsyan!.. Üsyan deyə hər gözdən, ağızdan
Bir nifrət uçardı. Üsyan!..
Keçmişlərə, keçmişdəki adətlərə üsyan! Hər üzdə təhəkküm izi vardı.
Üsyan!.. Məbədlərə, qalpaqlara, çarşaflara üsyan!..
Şaşğınlığa yox zərrəcə imkan. Hər fəlsəfə, qanun dəyişirkən,
Bir nöqtədə dursan da düşünsən, Məqbər yapacaqlar gəmiyindən.
Üsyan!.. Həp əski hürufata da üsyan!..
Üsyan!.. Həp köhnə xurafata da üsyan!..
Ətrafı süzən yaşları keçkin Erkək və qadınlar buna şaşmış...
Çarşafların altında duyulmaqda qəzəb, kin, Həp hövsələ daşmış... — Bir bax nə rəzalət!..
Artıq nə həya qaldı, nə ismət!.. Gənclik azaraq, həddini bilməz,
Yox, yox bu çəkilməz. — Hər gün bir oyun, bir yeni fitnə,
Məbədlə işin nə?! — Mən tanrıya tapdım, nə vəzifən,
Mən etmədim əsla səni yoldan sapıyorkən...
Çarşaflar atılsın! - deyə əlbət Namusa təcavüz eləyir, bəlli həqiqət.
Onlar köpürürkən... Azər gülərək söylədi: “Sizdən
Heç bir yenilik ummadı bir kimsə, əzizim! Bilməm bu köpürmək nəyə lazim?..
Yox, sizlərə aid deyil əsla çalınan saz, Bəsbəlli, kötüklər aşılanmaz. Yalnız yəşərən tazə fidanlar,
Az-çox yenilik zövqünü anlar. Əcdadımızın adəti bəlli,
Hər haləti bəlli... Lakin biz o adətləri atdıq,
Atdıq, bu gün artıq Onlardakı əfsanəli şeylər,
Bizlərcə sönük uyquya bənzər. Söz yox ki, bu gün gəncliyə baxsan,
Bir sel kimi hər an, Sağlam, yeni məfkurələr izlər.
Bizlər!?. Bizlərdəki adət də təbii,
Bunlaca sönük, yıpramış əski... Bilməm ki, bu yorğun yürüyüşlə Gənclik neçin uysun bizə, söylə!
Bizlər yeniləşsək belə, daim Bir əskilik az-çox bizə hakim...
Ən doğru yol iştə! Heç olmayalım onlara əngəl bu gedişdə.
Onlar qoşacaq, çarpışacaqlar, Bir çox uçurumlar aşacaqlar. Lazımsa cəhalətlə güləşmək,
Bir çarə var: ancaq yeniləşmək!.. Onlardakı himmət və mətanət Qırbaclayacaq Şərqi nəhayət. Onlardakı qüdrət və məharət Er-gec verəcək xalqa səadət.
Onlar mədəniyyətlə günəşlər yaxacaqlar, Keçmişlərə üstdən baxacaqlar. Onlar güləcək, yüksələcəklər,
Həp yüksələcək, həp güləcəklər. Onlar güləcək, güldürəcəklər,
Bizdən daha xoş gün görəcəklər!”